Qazaxıstan yığmasının yarımmüdafiəçisi Ramazan Orazov yerli mətbuata müsahibə verib.
Apasport.az saytının məlumatına görə, 24 yaşlı orta sahə oyunçusu komandasının Millətlər Liqasının qrup mərhələsində Azərbaycan yığmasına 0:3 hesabı ilə məğlub olduğu son tur matçını dəyərləndirib.
- Bakıdakı nəticəni bir kənara qoysaq, qrupdakı ümumi nəticə sizi qane edir?
- Hesab edirəm ki, komandanın hər bir üzvü ümumi nəticədən razıdır. Qrupda kifayət qədər yaxşı iş görmüşük.
- AVRO-2024-ə vəsiqə uğrunda Gürcüstan, Türkiyə və Yunanıstanla mübarizədə şansları necə görürsünüz?
- Burada cütlüklər bir oyundan ibarət olur. Hər şey öz əlimizdədir, matçlara yaxşı köklənəcəyik. Təbii ki, bu böyük şansdır, hər kəs arzusunu reallaşdırmaq üçün səy göstərəcək. Heç kimdən qorxmaq lazım deyil.
- Azərbaycana 0:3 hesablı məğlubiyyətdə Nurali Alipin qırmızı vərəqə alması həlledici oldu?
- Həmin ana qədər hesab 0:0 idi. Təbii ki, azlıqda çıxış etmək çətindir, xüsusən də, bu səviyyədə. Üstəlik, Belarusla matçdan cəmi iki gün keçmişdi. Oyun hədəfə doğru gedirdi. Qırmızı vərəqədən sonra işimiz çətinləşdi.
- “Çayka”da olanda Maqomed Adiyev sizə çox şans verməsə də, millidə etibar edir. Bunu nə ilə izah etmək olar?
- Çətin dövr idi, o vaxt uyğunlaşmaq üçün kifayət qədər vaxt yox idi. Millidə isə ilk məşqdən sonra çox şey aydın oldu. Nəhayət ki, Azərbaycanla ilk oyundan sonra məndə özünəinam yarandı.