“Milli komandaya dəvət almamağımla bağlı mənə çoxlu suallar ünvanlanır”.
Apasport.az saytının məlumatına görə, bu fikir “Qarabağ”ın futbolçusu Qara Qarayevə məxsusdur.
Təcrübəli yarımmüdafiəçi Azərbaycan yığmasının Millətlər Liqasındakı son iki görüşünə çağırılmaması ilə paylaşım edib: “Təbii ki, millidən kənarda qalmaq ilk növbədə vətənini sevən bir azərbaycanlı kimi, daha sonra futbolçu kimi məni məyus edir. Amma seçimlə bağlı qərarlara hörmətlə yanaşıram”.
Qara instaqram hesabında zədəsi olmadığını da qeyd edib: “Hazırda özümü yaxşı hiss edirəm. Dəvət olunmamağım zədə ilə bağlı deyil. Tam səmimiyyətimlə inanıram ki, milliyə dəvət alan hər kəs orada olmağa layiqdir. İnanıram ki, komanda yoldaşlarım qarşıdakı iki oyunda yaxşı çıxış edəcəklər və onların uğur qazanacağına əminəm. Millimizə uğurlar arzulayıram”.
Qarayev qarşıdakı görüşləri milli forması ilə izləyəcəyini bildirib: “Hər iki oyunda milli komandadan olan formamı geyib, komanda yoldaşlarıma mənəvi dəstək olacam. “Qarabağ”a gəlincə, 3 günlük istirahətdən sonra məşqləri bərpa edəcəyik. Bütün diqqətimi komandamın növbəti oyunlarına yönəldəcəm. Həm milli çempionatda, həm də avrokuboklarda uğurlu nəticə əldə etmək istəyirik. Sonda mənə dəstək olan və olmayan hər kəsə sonsuz təşəkkürlər!”.
Qeyd edək ki, Azərbaycan yığması sentyabrın 22-də Slovakiya, 25-də Qazaxıstanla qarşılaşacaq.