“Bütün azarkeşlərimizi təbrik edirəm. Bugünkü bir xal bizim üçün çox əhəmiyyətli idi”.
Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Qara Qarayev deyib.
O, Avropa Liqasının qrup mərhələsinin IV turunun “Olimpiakos”la görüşü barədə fikirlərini jurnalistlərə açıqlayıb: “Rəqibin belə müdafiə olunacağını bilirdik. Bəlkə də səfərdəkindən daha az real qol vəziyyəti əldə etdik. Oyunumuz pis alınmadı, yaxşı alındı. Rəqibi təzyiqdə saxladıq və imkan vermədik. Bu oyunu gözləyirdik. Rəqib bura uduzmağa gəlməmişdi. Ən azı bir xal aparmaq istəyirdi. Bugünkü vəziyyətin yaranması “Qarabağ”ın, bizim azarkeşlərin uğurudur. “Olimpiakos” kimi komanda bura gəlib və məğlub olmamaq istəyir. Hər halda, çox əhəmiyyətli xal qazandıq və bunu “Olimpiakos” kimi komandadan aldıq. Bəzi çatışmazlıqlar gözləyirdik. Bu, bizim üçün ən vacib xallardan biri olacaq”.
Qara digər oyunda “Frayburq”un “Nant”ı 4:0 udmasının şanslara təsiri barədə danışıb: “Bununla bağlı düşünmürəm. Çünki bu məğlubiyyət onlara əlavə motivasiya verəcək. Qrupdan çıxmaq şansını itirib-itirməməsindən asılı olmayaraq evdə layiqli mübarizə aparacaq. Məğlub olmaq istəməyəcək. Bu, “Nant”, “Olimpiakos” kimi klubların adı ilə bağlıdır. “Frayburq”la evdəki son matçadək nə isə demək çətindir. Bəlkə növbəti turda hər şeyi təmin etmək olar. Hər halda gözləməliyik. Digər qarşılaşmanın nəticəsindən oyunun gedişində yox, matçdan sonra xəbərimiz oldu. Çünki fikrimiz öz görüşümüzdə idi. Düşünmürəm ki, digər qarşılaşmanın nəticəsi bizim oyuna təsir etdi. Rəqib iki divar xətti hörmüşdü. Bəzən 5, bəzən 6 oyunçu ilə müdafiə olunurdular. Görüşün sonunda bizim güc itirməyimiz üzündən daha çox təzyiq edə bilmədik. Rəqib oyunu 0:0-a dartmaq istəyirdi. Biz razı deyildik. Qalib gəlmək istəyirdik. Futboldur, belə nəticələrə hazırıq. Düşünmürəm ki, bu, məyusedici nəticədir. Bizim üçün yaxşı nəticədir”.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matç 0:0 hesabı ilə başa çatıb.