"Alonso taktiki cəhətdən “Qarabağ”dan üstün olmadı".
Apasport.az xəbər verir ki, bunu "Qarabağ"ın kapitanı Maksim Medvedev Rusiya mətbuatına müsahibəsində "köhlən atlar" UEFA Avropa Liqasının 1/8 final mərhələsində "Bayer"lə görüş barəsində danışarkən deyib.
Medvedev Alonsonun futbolçuların fərdi bacarığına görə qalib gəldiyini bildirib: "Onların oyunçuları "Qarabağ"dan 5 dəfə bahadır. Florian Virtz və ya Patrik Şik, belə matçlara son qoya bilər. "Bayer"in oyunçuları artıq böyük komandalara, böyük matçlara uyğunlaşıblar və biz bacarıqlı futbolçuları götürüb onları Avropa səviyyəli oyunçular etməyə başlayırıq. Məsələn, “Qarabağ” “Benfika”dan, “Portu”dan futbolçu götürmür. Biz Portuqaliyanın və ya Braziliyanın ikinci liqalarından oyunçular alıb onları taktiki və fərdi inkişaf etdirə bilərik. Nəticə verməyə başlayan komanda belə yaradılır".
34 yaşlı müdafiəçi Leverkuzen klubu ilə oynamaq istəmədiyini vurğulayıb: "Bayer" olmasa idi, başqası olacaqdı. Təbii ki, Leverkuzenlə oynamaq istəmirdim, çünki biz eyni qrupda idik. Onların məğlubiyyətsiz irəlilədiklərini bilirdik və fərqli bir şey istəyirdik. "Bayer" fərdlərdən ibarət komandadır, lakin onların da bir sistemi var. Rəqibin təkcə güclü fərdi oyunçuları olmayanda buna qarşı mübarizə aparmaq çətindir".
Qeyd edək ki, Maksim Medvedev 2006-cı ildən "Qarabağ"ın şərəfini qoruyur.