"Qəbələ"nin hücumçusu Ülvi İsgəndərov Apasport.az saytına müsahibə verib.
- "Qəbələ"nin evdəki məşqləri necə gedir? Deyəsən, Qəbələdə hava çox soyuqdur. Bu, sizə mane olmurki?
- Hər şey yaxşı gedir. Gündə 2 dəfə məşqlərimizi edirik. Burada hər cür şəraitimiz var. Heç Antalyadan geri qalmır. Düzdür, hava soyuqdur. Amma biz buna öyrəşmişik. Ona görə də, yalnız işimizə fokuslanmışıq, bizi narahat edən heç nə yoxdur.
- "Qəbələ" çempionatın ilk yarısını Premyer Liqada sonuncu pillədə başa vurdu. Nəticə nəyə görə bu cür oldu? Necə fikirləşirsən, qışdan sonra turnir cədvəlində yuxarı pillələrə qalxa biləcəksiz?
- Düzdür, Premyer Liqanın ilk yarısı bizim üçün uğursuz alındı. Lakin qış fasiləsindən sonra bu durumdan çıxmağa çalışacağıq. Bunun üçün əlimizdən gələni edəcəyik. Buna gücümüz çatar.
- "Qəbələ"nin ölkə xaricində deyil, Azərbaycanda toplanış keçməsi komandaya mənfi təsiri etməyəcək?
- Xeyr, heç bir problem olmayacaq. Qəbələdə də hər cür şərait var. Ən önəmlisi isə stadionların əla durumda olmasıdır. Tək fərq yoxlama görüşləridir. Hər halda Türkiyədə daha üst səviyyədə olan rəqiblərlə qarşılaşırsan. Yaxşı komandalar çox olur. Başqa heç bir fərq yoxdur.
- Bəs, necə düşünürsən, xarici və yerli komandalarla yoxlama oyununda qarşılaşmanın fərqi var?
- Əlbəttə ki, var. Dediyim kimi, Türkiyədə daha yaxşı komandalarla qarşılaşırsan.
- "Qəbələ"nin qışdan sonra vəziyyəti düzəldəcəyini fikirləşirsən? Səncə, bu durumun düzəlməsi üçün komandaya nə və ya kim lazımdır?
- Komandanı bu vəziyyətə biz gətirmişik. Demək ki, bu durumdan da biz çıxmalıyıq. İnanıram ki, istədiyimizi əldə edəcəyik. Çünki yaxşı komandayıq. Hər şey mümkündür, bunu edəcəyik.
- Qışda Premyer Liqanın digər klublarından təklif almısan? Komandan sonuncu pillədədir deyə, heç "Qəbələ"ni tərk etməyi düşünmüsən?
- Düzdür, başqa klublardan təkliflərim oldu. Ancaq inanın, heç bu haqda düşünməmişəm. "Qəbələ" ilə 2 illik müqaviləm qüvvədədir. Mən bu klubun yetirməsiyəm. "Qəbələ" mənim üçün doğmadır. Bu komandaya kömək olmaq istəyirəm.
-Yeri gəlmişkən, "Qəbələ" Omar Hani ilə yollarını ayırdı, sabiq futbolçusu Klesio Bauku geri qaytardı. Bu haqda nə deyəcəksən?
-Omar Hani ilə 3 il idi ki, birlikdəydik, komanda yoldaşıydıq. O, həm yaxşı insan, həm də yaxşı futbolçudur. Omara gələcək karyerasında uğurlar arzu edirəm. Klesioya gəlincə, o da komandamıza xoş gəlib. Yaxşı futbolçu olduğunu düşünürəm. Məncə, Klesio gücümüzə güc qatacaq. Buna çox inanıram.