“Məğlub olmağımıza baxmayaraq, yaxşı oyun oldu”.
Apasport.az-ın məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Təcrübəli mütəxəssis “Səbail”lə 2:1 hesabı ilə məğlub olduqları oyunda qol vəziyyətlərindən istifadə edə bilmədiklərindən şikayətlənib. Qurbanov komandanın oyunundan razı qalıb: “Dinamik, mübariz matç izlədik. "Səbail"i təbrik edirəm. Deyəcək çox söz yoxdur. Yüz faizli epizodlarımız var idi, amma istifadə edə bilmədik. Rəqib imkanlardan maksimum istifadə etdi. Futbolun gözəlliyi budur. Nəticədən yox, oyundan razı qaldım”.
- Fasilədən necə yararlanacaqsız?
- Əfsuslar olsun ki, komanda olaraq bir yerdə istirahət edə bilməyəcəyik. Milli komandalara gedən oyunçular var. Digər futbolçularla üç günlük istirahətdən sonra məşqlərə başlayacağıq.
- Kvabena Ovusunun "Qarabağ"a qayıdacağı iddia edilir. Bu, nə dərəcədə doğrudur?
- Mən də sizin kimi mətbuatdan oxumuşam. Belə bir danışıq olmayıb.
- Bu gün qapıda Şahruddin Məhəmmədəliyevə şans vermiyinizin səbəbi nə idi?
- Limit amili də var idi. Belə düşündük.
- Avropa Liqasının qrup oyunlarının təqvimini necə dəyərləndirirsiz?
- Normal. Oyunlara hazırlaşacagıq.
- Avrokuboklara görə aparıcı oyunçular çempionat matçlarında start heyətində meydana çıxmır. Bu, Premyer Liqa oyunlarına necə təsir edir?
- Bəli, haradasa bu, problemdir. Amma biz futbolçularımızı da qorumalıyıq. Leandro Andrade milliyə gedəcək. Marko Yankoviçi ümumiyyətlə meydana buraxmadım. Onların ayın 8-də oyunu var. Çempionata istədiyimiz kimi hazırlaşa bilməmişik. Amma bu, ilk dəfə deyil, neçə illərdir bu rotasiyaları edirik. Ola bilər bu il tam alınmadı. Düzgün qərarlar verməyə çalışacağıq.
- Rəqib hesabda önə keçəndən sonra vaxt aparırdı. Bu, sizin komandada qıcıq yaradırdı?
- Ümumən belə hallar çox təsir edir. Vaxt keçirmək olar, amma hakimlər də bunu nəzərə almalıdır. Onlara bunu deyəndə vaxtı uzadacaqlarını bildirirlər. Söhbət burada vaxtı uzatmaqdan getmir. Oyunda tempin aşağı düşməsini nəzərdə tuturam. Oyunu əla alanda 3-4 dəqiqəlik pauza yaranır. Bu, əlbəttə ki, istənilən komandanın futbolçularında qıcıq yaradır. İstəməzdim ki, temp bu qədər aşağı düşsün. Sanki, məğlub olursansa, ikinci hissəni oynamırsan. Hakimə bildirirdim ki, əvvəlcədən xəbərdarlıq ele ki, sonra bu hallar yaşanmasın. Bu da rəqibin taktiki gedişlərindən biridir. Normal baxmaq lazımdır. Qalib gəlmək üçün hər variantdan istifadə edirdilər. Tempi bu qədər düşürməsək, daha yaxşı olar. Futbol dinamik oyundur.
- Avrokuboklarda oynadığınız dönəmdə çempionatda xal itkiləri yaşayırsız. Qışdan sonra bunları kompensasiya etmək mümkün olacaq?
- Qışa kimi kompensasiya etmək lazımdır. Qarşıdakı oyunlarda daha da aktiv olmalıyıq. Gələn ili bilmək olmaz. Bəlkə Avropakuboklarında qrup oyunlarımız uğurlu oldu. Gələn il üçün də bizim sıx qrafikimiz ola bilər. Hər bir halda buna öyrəşməliyik. Neçə illərdir bu yolu keçmişik. Sadəcə bu il xal itkiləri daha çox oldu. Daima liderlər sırasında olmaq istəyiriksə, hansısa addımlar atmalıyıq.
- Bəhlul və Bədavinin formaya düşməsi nə qədər çəkəcək?
- Bəhlulda hər şey normaldır. Bədavi isə zədəlidir. Onun komandaya qoşulmasına 15-20 gün var.
- Bəhlul Medina qədər effektli deyil...
- Bəhluldan razıyam. Həm Bəhlul, həm Medina müdafiədə etibarlı oynayır. Məncə bir-birini heç də pis tamamlamırlar.
- 5 tura 2 məğlubiyyət və 1 heç-heçə. Bu, çempionatda sizin üçün faciəyə çevrilə bilər?
- Deməzdim faciə olacaq. Amma nəticəyə təsir edə bilər. Turnir cədvəlinə baxsaq, yığdığımız xallardan razı deyilik. Görünür ki, bu il çempionat tam fərqli olacaq. Böyük çempionatlarda bəzən düşünülməmiş nəticələr olur. Ola bilər ki, bu il eyni hal yaşansın.
- Nəriman Axundzadənin faydalı iş əmsalının yüksək olması üçün ona nə qədər vaxt lazımdır?
- Müddət olaraq nəsə demək mümkün deyil. Məncə, mütəmadi oynaması lazımdır. Özü də bu haqda düşünməlidir. Oyunçu var daha tez adaptasiya olur, oyunçu var müəyyən vaxt lazımdır. İnandığım futbolçulardandır. Mən şərait yaradıram, özü də gərək aktiv olsun.
- Sizcə, Avropa Liqasının qrup səddini keçmək mümkündür?
- Biz də azarkeşlərimizi daha uğurlu nəticələrlə sevindirmək istəyirik. Hər turnirdə maksimum gücümüzdən istifadə etməyə çalışmışıq. Əvvəlki illərdə olduğu kimi bu il də minimum nəticəni əldə etməyə çalışacağıq.