Qurban Qurbanov: “Əvvəlki görüşlərdən daha yaxşı çıxış etməliyik"
05.10.2022 - 17:48
Qurban Qurbanov: “Əvvəlki görüşlərdən daha yaxşı çıxış etməliyik"

“Çox yaxşı stadionda sabah uğurlu nəticə əldə etməyə çalışacağıq”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin III turunda “Olimpiakos”la keçiriləcək səfər oyunu öncəsi mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis hər iki komandanın görüşə ciddi hazırlaşdığını bildirib: “Olimpiakos” barədə çox danışmağa ehtiyac yoxdur. Çünki yeni baş məşqçiləri, yeni istək, yeni oyun tərzinə qarşı çıxış etmək bizim üçün vacib olacaq. Matçın mahiyyətini başa düşürük. Rəqibin müsahibələrindən də hiss olunur ki, qarşılaşmaya çox ciddi hazırlaşırlar. Onlarla ardıcıl həm burada, həm də Bakıda üz-üzə gələcəyik. Hər iki tərəf üçün vacib matçdır. Oyuna tam hazır və çox istəkliyik. Sabah yaxşı mübarizə göstərmək istəyirik. Futbolçularıma güvənirəm”.

Qurbanov Pirey klubunda hansısa futbolçunu digərlərindən fərqləndirməyin düzgün olmadığını düşünür: “Hansısa oyunçunu kollektivdən öndə tutmağı heç vaxt xoşlamamışam. “Olimpiakos”un ayrı-ayrı oyunçularının potensialını bilirik. Biz daha çox kollektiv mübarizəyə hazırlaşırıq”.

Baş məşqçi heyətlə bağlı yeganə problemin yarımmüdafiəçi Marko Yankoviç olduğunu əlavə edib: “Bütün futbolçular, demək olar ki, hazırdır. Yalnız Marko Yankoviçlə bağlı qəti qərarı sabah verəcəyik. Səhər həkimlərin müayinəsindən sonra durumu dəqiq müəyyənləşəcək. Ümumilikdə heyətlə bağlı ciddi problemimiz yoxdur”.

O, rəqibin baş məşqçi postundakı dəyişikliyin komandasına problem yaradacağından narahat olduğunu gizlətməyib: “Çılğın azarkeşləri olan komandalara qarşı aqressiv futbol sərgiləmək bizim üçün maraqlı olub. İnşallah, bu tərəfdən bir problemimiz olmayacaq. “Olimpiakos”u yeni baş məşqçinin rəhbərliyi altında cəmi bir oyunda izləmişik. Bu da çempionat matçı idi. Miçel haqda geniş məlumatım var, maraqlanmışam. Çox yaxşı, bacarıqlı mütəxəssisdir, sürətli, aqressiv futbol tələb edir. “Atromitos”la çempionat matçını günorta saatlarında keçirmələrinə baxmayaraq, həm sürət, həm dinamika yuxarı idi. Belə bir oyuna hazırlaşırıq. Daha çox məşqçilərinə qarşı istədiyimiz kimi hazırlaşa bilməyəcəyik. Oyunboyu futbolçularımız çox diqqətli olmalıdır. Çünki görmədiyimiz detallar ola bilər. Bu bizi narahat edir. Ancaq yenə də çalışırıq ki, ancaq öz oyunumuz haqda düşünək. Yaxşı nəticə üçün əvvəlki görüşlərdən daha yaxşı çıxış etməliyik. İnanıram ki, maraqlı mübarizənin şahidi olacaqsınız”.

50 yaşlı çalışdırıcı “Olimpiakos”la ardıcıl keçiriləcək iki oyunda məqsədlərinin qələbə olacağını söyləyib: “Olimpiakos”la oyuna sadəcə III tur matçı kimi baxıram. Son oyuna kimi hər qarşılaşma bizim üçün vacib olacaq. Dəfələrlə olub ki, üstün çıxış etməyimizə baxmayaraq, sonda qrupda qalmışıq. PAOK-la ardıcıl iki görüşdə də 4 xal qazansaq da, qrupdan çıxa bilməmişdik. Buna görə də qrupdakı hər xal bizim üçün önəmli olacaq. Xüsusən də, 3 xallıq sistemdə bir məğlubiyyət hər şeyi dəyişir. Bizim üçün ən vacibi komandanın oyununu qoruyub saxlamaqdır. Bəlkə əvvəl də düşünmüşük ki, iki oyunda qələbə qazansaq, növbəti mərhələyə vəsiqəni təmin edərik. Amma sonda məğlub olmuşuq. Ona görə də, sona qədər mübarizə aparacağıq”.

Qurbanov rəqibin heyətində bəzi tanınmış futbolçuların sabahkı qarşılaşmanı buraxmalarına da münasibət bildirib. O, Yunanıstan təmsilçisinin kifayət qədər güclü oyunçulara malik olduğunu vurğulayıb: “Çox istərdik ki, rəqibin bütün futbolçuları sabah meydanda iştirak eləsin, canlı görək. Futbolçularımın təcrübəsi var, bu oyuna hazır olacaqlar. “Olimpiakos” elə komandadır ki, oyunçular arasında fərq o qədər də böyük deyil. Bir-birlərini layiqincə əvəzləyə bilirlər. Rəqibdən daha çox öz oyunumuzu yaxşılaşdırmaq barədə düşünürəm. Bəlkə də, “Olimpiakos”un baş məşqçisi 4-5 tur əvvəl gəlsəydi, bizə daha rahat olardı. Amma istənilən halda futbolçularım matça hazırdırlar”.

Qeyd edək ki, sabah Bakı vaxtı ilə saat 23:00-da başlayacaq “Olimpiakos” – “Qarabağ” oyunu Yunanıstanın Pirey şəhərindəki "Georgios Karaiskakis" stadionunda baş tutacaq.

writer photo
Əlirza Əlirzalı
0