“Bu barədə çox danışmaq istəməzdim. Əlbəttə ki, mənim üçün çox xoş oldu”.
Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
51 yaşlı mütəxəssis Misli Premyer Liqasının XXI turunun “Kəpəz”lə görüşündən sonra “CBC Sport”a açıqlama verib. Qurbanov qarşılaşmadan Vətən müharibəsi zamanı ermənilərin Gəncəyə raket zərbəsindən zərər çəkmiş uşaqlardan gül dəstəsi verməsinə münasibət bildirib: “Bu, ümumilikdə bir neçə il əvvəlin tanışlığıdır. Hər birinə təşəkkür edirəm. Onların gəlib mənimlə görüşməsi bəlkə də mənim üçün həyatımın ən yaddaqalan hadisələrdən biri oldu. Allah bütün övladları qorusun, xalqımızı qorusun”.
Qurbanov matç barədə fikirlərini də açıqlayıb: “Ümumən Gəncədə oynamaq heç də asan deyil. İstənilən vaxt həmişə burda problemlərlə üzləşmişik. Çünki günorta saat 2-də yaxşı, aktiv oyun göstərmək heç də asan deyil. Xüsusilə də səfərdə. “Kəpəz” minimum bir xalı haqq etdi. Qol epizodlarımız oldu. Sanki qapıçıda maqnit var idi. Topu özünə tərəf çəkirdi. Futbolçularıma deyiləcək bir iradım yox idi. Onları çox yaxşı başa düşürəm, anlayıram. Matç bir daha göstərdi ki, qarşıdakı görüşlərə daha ciddi hazırlaşmalıyıq, istənilən rəqibə qarşı həddindən artıq hazırlıqlı olmalıyıq”.
Qurbanov sıx qrafik və komandanın formasından da danışıb: “Bəli, komandanı idman formasını yaxşılaşdırmaq çətindir. Bunu yaxşı, sürətli oyunla həyata keçirə bilərik. 3-cü oyundur. İlk matç Tovuzda süni örtükdə saat 2-də, “Şamaxı” ilə 4-də, bu dəfə günorta 2-də, hətta əvvəlki qarşılaşmadan sonrakı 4-cü gündə keçirdik. Futbolçunun bərpası, daha yaxşı hazırlaşması, məşq prosesi heç də asan deyil. Heç də uyğun olmayan proqramla başladıq. “Gent”lə matçadək qarşıda “Sabah”la oyunumuz var. Çox istəyirik ki, bu qarşılaşmayadək komandanı indikindən yaxşı səviyyəyə gətirək. Asan deyil. Amma əlimizdə başqa variantımız yoxdur. Çalışacağıq ki, qarşıdakı matçlarda futbolçuların performansını artıraq. Önümüzdəki oyunlara hazırlaşacağıq”.
Qeyd edək ki, “Kəpəz” – “Qarabağ” qarşılaşmasında 1:1 hesablı heç-heçə qeydə alınıb.