“Futbolçularımı təbrik edirəm, bizim üçün vacib oyun idi”.
Apasport.az-ın məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Təcrübəli mütəxəssis Misli Premyer Liqasının “Sabah”la (2:0) oyunundan sonra mətbuat konfransında futbolçuların çıxışından razı qaldığını bildirib: “Nəticə baxımdan razı qaldım. Milli fasiləyə görə, futbolçular xeyli vaxt idi birlikdə deyildilər. Onlar bu gün özlərini yaxşı tərəfdən göstərdilər. Oyunçuların fikri tam oyunda oldu. Rəqib komandaya qarşıdakı oyunlarda uğurlar arzulayıram”.
- Sanki "Qarabağ"ın yerli oyunçu statusu ilə bağlı sıxıntısı var. Çərçivəni Amin Ramazanova etibar etmişdiz...
- Bəli, bu sarıdan sıxıntımız, çətinliklərimiz var. Abbas da yoxdur, o da böyük itkidir. Rotasiyaları edə bilmirik. Amin gənc olsa da, ona güvənirik. Bir çox görüşlərdə qapını qoruyub. Nə qədər çox oynasa, daha tez təcrübə toplaya bilər. Hansı oyunçu lazım olsa, onu meydana buraxmağa çəkinməyəcəyik.
- Adama Diakabinin adı Avropa Liqasının oyunlarına sifariş edilmədi. Səbəb nə idi?
- Adama komandamızın üzvüdür. Sadəcə mikro zədələri var, nəticədə tam güclə məşq edə bilmir. Bir ara geridönüş etmişdi, amma son vaxtlar zədələr yenidən özünü göstərdi. Komandan rəqabət çoxalıb. Qarşıda yenə əvvəlki formasına qayıda bilsə, lazım olanda onun xidmətindən istifadə edəcəyik.
- "Qarabağ" üçün transfer bitdi?
- Böyük ehtimalla qış aylarına kimi bitib. Çünki biz komandaya yalnız azad agent futbolçuları götürə bilərik. Onun hansı formada olacağı da böyük sual altındadır. Bu baxımda dekabra kimi transferin olmaması gözləniləndir. Amma hər şey mümkündür. Hücum xəttinə, müdafiəyə, yarımmüdafiəyə oyunçu axtarırdıq. Qışa qədər axtarışda olacağıq.
- Hakimlərin bugünki performansını necə dəyərləndirirsiz?
- Bizim qarşımızda çox intizamlı komanda var idi. "Sabah"a qarşı oynamaq asan deyil. Qələbə bizim üçün böyük nəticədir. Hakimlər get-gedə hər xırda epizoda daha çox diqqət ayırırlar. Məsələn, “Səbail”lə görüşdə qapımıza təyin edilən penalti... Ola bilər ki, əks tərəfə də verilib. Ancaq bəzən çox bəsit qərarlar görmüşəm. Amma hakimlərimizə etirazımız olmayıb. Bu gün birinci qolda və penaltidə, ofsaydı haradan tapdılar, bilmirəm. Xətt elə idi ki, ofsaydın olub-olmadığını görmək çətindir. Amma ən düzünü onlar bilir. Xırda diqqətsizlik komandanın nəticəsinə təsir edə bilər. Bilirik ki, hakimlər çox çalışır, nəzəri cəhətdən hazırlıq keçirlər. Hakimlərimizə inanırıq. Əsas odur, hamıya eyni gözlə baxırlar. Bizim işimiz meydanda daha intizamlı olub, nəticə qazanmaqdır.
- Avropa Liqasının qrup oyunlarına az vaxt qalıb. Daha təcrübəli qapıçıların oyun praktikasından əziyyət çəkməsi sizi narahat etmir?
- Xeyr. Çünki mən narahat olsam, komandam da narahat olacaq, onların hər birinə güvənirik. Andrey Lunyov təcrübəli qapıçıdır. 6-7 ay oynamaması o qədər təsir etməz. 2-3 oyundan sonra özünü daha komfort hiss edəcək. Luka Quqeşaşvili yaxşı səviyyədə oynayır. Onlarla bağlı heç bir narahatçılığım yoxdur.
- "Olimpiya" ilə oyundan sonra demişdiz ki, Şahruddin bizim oyunçudur. Sonradan "Adana Dəmirspor"a keçdi. Bu transfer necə alındı?
- O fikir həmin anda olmuşdu. Çünki həmin zaman Şahruddinə heç bir təklif yox idi. Daha dəqiq araşdırsaq, belə fikirlər formalaşmışdı ki, mən Şahruddini göndərirəm? Mən ona görə cavan vermişdim ki, o, bizim oyunçumuzdur, komandada qalır, heç bir təklif yoxdur. Sonradan özü və klub üçün yaxşı təklif oldu. Sonda qarşılıqlı qərara gəldik. Onun üçün şərait yaratdıq ki, bu cür komandada oynasın. Azərbaycandan, "Qarabağ"dan bu cür komandaya oyunçumuz gedirsə, ona sevinməliyik. Əvvəllər də demişəm ki, son vaxtlar böyük bazara girmişik. Kadi Rusiyada, Vadji Fransada tanınmış klublara gedib. Şahruddin Türkiyə Superliqasında çıxış edəcək. Azərbaycanın tanınmasına, futbolumuza maraq çoxalır. Çox böyük işdir. Bu bazara girmişiksə, gələcəkdə cavanlarımız üçün, yerlilərimiz üçün maraqlı təkliflər olacaq. Musa da İsveçə getdi. Hər bir futbolçuya təşəkkür edirik ki, onların uğurlarımızda payı olub. Onları heç vaxt yaddan çıxara bilmərik. Mən də səhv edirəm, digərləri də, yalnış qərarlarımız olur. Hər bir futbolçu səhvini başa düşməli, onu təkrarlamamağa çalışmalıdır. Bu futbolçularımızdan tələbimizdir. İnanıram ki, qarşıdakı matçlatda da bunu düşünərək addım atacaqlar.
- Bəhlulun zədəsi nə dərəcədə ciddidir?
- Ağrısı var. İnşallah ciddi problem olmamalıdır. Həkimlərin məlumatına görə, zərbə sinir nöqtəsinə dəyib ki, keyləşmə var. Sabah tam müayinə olunduqdan sonra dəqoq fikir bildirə bilərik. Son matçlarda yaxşı oyun göstərməsinə gəldikdə, bu azdır. Belə fikirlər futbolçulara mane olur. Məşqçi olaraq düşünürəm ki, bəzi elementləri yaxşılaşdırmalıdır. Biz daim bunu bildiririk. Bu o demək deyil ki, Bəhlul hazırda pik formadadır. Yox. Öz üzərimizdə daha çox çalışmalıyıq.
- "Molde"ni artıq təhlil etməyə başlamısız?
Tam yox, bir az təhliı etmişik. Ciddi rəqibə qarşı oynayacağıq. “Qalatasaray”la və çempionatdakı bir oyunlarına baxmışıq. Nəticə üçün oynamağı sevən komandadır. Oyunun gedişində böyük rotasiyalar edirlər. Onlar haqda pis fikir bildirməyəcəm.
-“Adana Dəmirspor”un Toral Bayramovu istədiyi deyilir. Belə məlumat var?
- Xeyr, bizdə belə məlumat yoxdur.