"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun qardaşı Maarif Qurbanovun apasport.az saytına müsahibəsi
– Hər il Qurban Qurbanov komanda.az saytının jurnalistlər arasında keçirdiyi sorğuda qalib olur. Ailənizdə bu necə qarşılanır?
– Şübhəsiz ki, onun uğurlarına ən çox sevinən bizik. Demək olar ki, hər oyunlarında, əsasən avrokubok matçları zamanı Bakıya gəlirik. Zaqatalada da onun uğurları çox böyük sevinclə qarşılanır. Rayonun özündən də, bizim kənddən də avrokubok matçları üçün Bakya 100-lərlə insan gəlir. Son illər bu sevinc daha da çoxalıb. Bizi görən kimi, uşaqdan ağsaqqala kimi futboldan, Qurbandan və onun uğurlarından danışırlar. Hətta Zaqatalada qadınlar da futbolla maraqlanmağa başlayıb. Oyundan sonra bizə çox zənglər gəlir. Bəzən tanımadığımız insanlar da zəng edib, bizə təbriklərini çatdırırlar. Biz də bir qardaş kimi onunla fəxr edirik. Qardaşım olmasaydı da, bir vətəndaş kimi onunla qürur duyardım.
– Qardaşlardan 2-si futbolla məşğul olub. Bəs siz?
– Mən özüm üçün məşğul olmuşam. Ailədə 6 uşaq idik. O vaxt yaşayış çətin idi. Kolxozda işləyirdik. “Neftçi”nin oyunu olan vaxt sahədə olsaq belə, qaçırdıq ki, televizordan futbola baxaq. Yəni, uşaqlıqdan futbolun azarkeşi olmuşuq.
– “Marsel”lə oyunda İbrahima Vadjinin əl ilə qol vurmasından sonra Qurban Qurbanov topun qeydə alınmamalı olduğunu hakimə bildirdi. Siz onun bu qərarını necə qarşıladınız?
– Qardaşım olduğu üçün Qurbanı daha yaxşı tanıyıram. O qərarı verəndə heç bir reaksiya vermədim. Bildim ki, Qurban düzgün olanı seçib. Mənim fikrimcə, bu qərar qələbədən daha artıq idi. Onun hərəkəti, bu ədaləti daha çox səs-küyə səbəb oldu, daha çox Qurban sevildi. Ölkə başçısı da çıxışında bu barədə qeyd etdi. Məncə, düzgün qərar verdi. “Marsel”in baş məşqçisi də dedi ki, mən bunu etməzdim, amma həmkarım etdi.
– Ümumiyyətlə, bir yerdə olanda, sizinlə danışarkən deyirmi ki, filan yerdə səhvə yol verdim, gərək belə etməzdim...
– Qurbanla nə vaxt otururuqsa, elə ancaq futbol haqda danışırıq. Demək olar ki, bizim başqa söhbətimiz olmur. Hansısa oyunçunu öz aramızda müzakirə edirik, qiymətləndirik. Ancaq yaxşısını özü bilir. Çünki o, mütəxəssisdir. Neçə illərdir bu sahədədir. Hərdən kimsə deyir ki, niyə filan oyunçunu buraxmadı. Deyirik ki, Qurban bizdən yaxşı bilir niyə belə edir. Həmişə fikirləşmişəm ki, bu onun peşəsidir, bizdən yaxşı bilir. Bir dəfə tanışlardan biri ilə Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ"ın hansısa oyununa baxırdıq. Qardaşım Musa da bizimlə birgə idi. Tanış dedi ki, filan oyunçunu niyə ehtiyatda otuzdurur. Musa da zarafatla ona dedi ki, gəlsənə, səni “Qarabağ”a baş məşqçi qoyaq (gülür)... Ondan sonra danışmadı.
– Mövsümün ortasıdır. Ancaq idman camiəsi artıq fikirləşir ki, “Qarabağ” bu il də Azərbaycan çempionu olacaq. Siz bu barədə nə düşünürsünüz?
– Yox, mən belə düşünmürəm. “Sabah”ı ciddi rəqib kimi görürəm. Demək olar ki, çempionatın bütün oyunlarını izləyirəm. “Qarabağ” oynadı-oynamadı, bütün oyunlara baxıram. Bu il ən ciddi rəqib də elə “Sabah”dır. Qış fasiləsindən sonra etdikləri transferləri və “Qarabağ”la 2 oyunlarının qaldığını nəzərə alsaq, “Sabah” da çempion ola bilər. “Neftçi” də qış fasiləsində güclənəcək, sakit dayanmayacaq. Ona görə də çempionatda rəqabətin qaldığını düşünürəm.
– Qurban Qurbanov və Rəşad Sadıqov dostluğuna görə “Qarabağ”ın “Zirə” oyunları barədə fikirlər birmənalı olmur. Siz bu kimi fikirləri eşidəndə necə münasibət göstərirsiniz?
– Rayonda da heç-heçə olan kimi belə söhbətlər olur. Amma mən belə düşünmürəm. Həm Qurban, həm də Rəşad dost olsalar da, çox dürüst insanlardır, belə şeyə getməzlər. Onlar oyuna rəqib kimi çıxırlar. Matçdan sonra isə yenə dostdurlar.
Səbuhi Musa