Ramin Quliyev: “Roman Qriqorçuk "Neftçi"ni daha yaxşı yerlərə gətirəcək” - Müsahibə
29.06.2024 - 16:58
Ramin Quliyev: “Roman Qriqorçuk "Neftçi"ni daha yaxşı yerlərə gətirəcək” - Müsahibə

“Qəbələ”də Roman Qriqorçukun köməkçisi olmuş, “Sabah”ın da sabiq baş məşqçisi Ramin Quliyev apasport.az saytına müsahibə verib. O, ukraynalı mütəxəssisin “Neftçi”də uğurlu olacağına inandığını dilə gətirib.

- Roman Qriqorçuk yenidən Azərbaycanda işləyəcək. Neftçinin bu seçimini necə qarşıladız? 
- Roman Qriqorçuk özünü Azərbaycanda sübut etmiş məşqçidir. Axır ki, yaxşı təyinat oldu. Ona "Neftçi"də uğurlar arzulayıram. İnanıram ki, onun işi yaxşı alınacaq.

-  Sizcə, Qriqorçuk “Neftçi”ni əvvəlki əzəmətinə, gücünə qaytara biləcək? 
- Fikrimcə, hər şey çox yaxşı olacaq. Çünki bu adamın iş rejiminə bələdəm. İstər savadı, istərsə də, intizamı "Neftçi"ni daha yaxşı yerlərə gətirəcək. O, işlədiyi hər yerdə də bununla çox seçilib. Həm komandaları intizamlı olub, həm də özü çox savadlı məşqçidir. Ona görə də, hər şeyin yaxşı olacağına inanıram.

- Komandanın heyəti sıfırdan yığılmalıdır sizcə, yoxsa maksimum 4-5 transferlə işlər qaydasına düşə bilər? 
- Məncə, komandanın heyətini yeniləyəcək. Hər halda, Roman Qriqorçukun "Neftçi"də əlinin altında öz oyun üslubuna uyğun oyunçular olacaq. Çünki hər məşqçi də hansısa komandaya gedəndə, bu cür addım atır. Qriqorçuk da öz oyun sisteminə, fəlsəfəsinə uyğun futbolçular cəlb edəcək. 

- Roman Qriqroçukun iş prinsipinə bələdsiniz. Vaxtilə “Qəbələ”də baş məşqçi olarkən, “Qarabağ”la çempionluq mübarizəsində olub. Bu təcrübə Qriqroçuka “Neftçi”də kömək ola bilər?
- Yuxarıda qeyd elədim. Bu məşqçi Azərbaycan futbolunu əlinin içi kimi bilir. İstədiyi işi ortaya qoysa, çempionluq uğrunda başabaş mübarizə gedəcək. Buna inanaraq və onun işinin canlı şahidi olaraq deyirəm. "Qəbələ"də ortaya qoyduğu iş göz önündə idi. Bu mənada, "Neftçi"də də çox yaxşı işlər görəcəyinə inanıram.

- Yeri gəlmişkən, bəs səncə, niyə hər dəfə sona qədər mübarizə getsə də, Roman Qriqorçukun “Qəbələ”si “Qarabağ”ı üstələyə bilmirdi? 
-Bunu deyə bilmərəm. Çünki bu futboldur da. İstəmədiyin anlarda xal itkiləri olur. Amma "Qəbələ"nin çempionluq mübarizəsindəki vaxtlarını xatırlayırsız. Komanda çox güclü idi və həqiqətən də əsl çempionluq mübarizəsi aparırdı. Lakin futboldur da, bəzən istədəmədiyin yerdə xal itirirsən.

- Ukraynalının “Qəbələ”də köməkçilərdinən biri idiz. Onunla danışmısız, “Neftçi”yə baş məşqçi təyinatı ilə bağlı təbrik etmisiz?
- Xeyr, Roman Qriqorçukla hələ danışmamışam. Üz-üzə gələndə, elə üzbəüz təbrik edəcəm. Ona "Neftçi"də uğurlar arzulayıram. 

- Maraqlıdır, sizi də “Neftçi”də görə bilərik? Qriqorçuk sizə “Neftçi”də işləməklə bağlı dəvət göndərməyibki?
- Bu barədə danışmaq istəmirəm. Sadəcə "Neftçi" və Roman Qriqorçuka uğurlar arzu etmək istəyirəm. Qalan məsələlər barədə isə nəsə demək istəmirəm.

writer photo
Əlirza Əlirzalı
0