“Sabah”ın yerli məşqçi nifrəti və ya “sərf edən” əcnəbilər
26.11.2024 - 13:26
“Sabah”ın yerli məşqçi nifrəti və ya “sərf edən” əcnəbilər

Ötən gün “Sabah” baş məşqçisi Krunoslav Renduliçlə yollarını ayırdı.

Ayrılıq xəbərindən təxminən 2-3 saat sonra komandanın yeni çalışdırıcısı açıqlandı. Boş qalan posta rusiyalı Vasili Berezutski təyin edildi.

Baş məşqçi olaraq heç bir təcrübəsi olmayan Berezutski Azərbaycanın ən yaxşı infrastruktura, büdcəyə, zəngin heyətə malik olan komandalarından birinə rəhbərlik edəcək...

Hadisələrin gedişatından məlumdur ki, bu ani bir qərar deyildi. Renduliçin qovulması, əvəzinə Berezutskinin təyin edilməsi planlanmış təyinat idi. Əks halda Renduliçlə yollar ayrıldıqdan dərhal sonra yeni məşqçinin ictimaiyyətə təqdim edilməsi qeyri-mümkün görünür.

Saytımızda yer alan köşə yazılarında, xəbərlərdə hər zaman vurğuladığımız kimi Azərbaycanda qəribə bir tendensiya yaranıb.

Ölkədə nəinki milli komandalarda, artıq bəzi klublarımızda da yerli baş məşqçilərə şans verilmir. Sanki özümüzdən olanlara güvən yoxdur. Bir-iki yerli mütəxəssisin isə demək olar hətta “qələmi qırılıb”. Amma Masazır təmsilçisinin rəhbərliyi özünü baş məşqçi kimi isbatlamamış Berezutskiyə o qədər güvənir ki onunla 2,5 illik müqavilə imzalayır. Məvacib isə açıqlanmır...

Şəxsən mənim üçün başa düşmək çətindir ki, hazırda işsiz olan yerlilərə niyə şans verilmir?

Arif Əsədov, Adil Şükürov, Tərlan Əhmədov və b. Adlarını qeyd etdiyim şəxslər Berezutskidən yüz dəfə təcrübəlidirlər. Yerli çempionatda özlərini sübut etmiş, nəticə vermiş adamlardı.

Yerli baş məşqçini komandaya gətirəndə də arxa-arxaya 2-3 uğursuz matçdan sonra qovalayırlar. Yerinə başqasını gətirirlər. Adını da qoyurlar “uğursuz” baş məşqçi.

Yaxın keçmişə nəzər salsaq, görərik ki, illərdir, Azərbaycan çempionatında hegemonluq edən “Qarabağ” Qurban Qurbanovla Avropada öz adından söz etdirir. “Neftçi” son 10 ildə yeganə çempionluğu yenə yerli məşqçi Samir Abasovla qazandı.

Rəşad Sadıqov isə 4 ildir, “Zirə”yə rəhbərlik edir. Komanda tarixində ilk dəfə Konfrans Liqasının pley-off mərhələsində çıxış etdi.

Həmin il Renduliçlə Konfrans Liqasında mübarizə aparan “Sabah” isə pley-offun qapısından qayıtdı...

Lakin müqayisə etməli olsaq, “Sabah”ın imkanları, infrastrukturu, zəngin heyəti, büdcəsi, “media”sı bir sözlə, hər qolu “Zirə”dən üstündür.

Heç olmasa, adlı-sanlı əcnəbi gəlsə, adam yanıb tökülməz. Həmin “Sabah” Murad Musayevi gətirdi, göndərdi, səsimiz də çıxmadı. İndi Rusiyada gördüyü iş də göz qabağındadır. Yoxsa indiyə kimi baş məşqçilik etməmiş bir adamı gətirmək gənclərə yol açmaqdırsa, onlardan biri Vaqif Cavadov idi, “Sumqayıt” gətirdi, gələcəyin məşqçisini yetişdirir.

Dediyim odur ki, komandalarımızı əcnəbilərin əlində “təcrübə siçanı”na, “gəlir yeri”nə çevirməkdənsə, istər milli komandalarda, istərsə də, klublarda yerli baş məşqçilərə üstünlük vermək lazımdır. Görünür, bəzi məsələlərdə özümüzünkülər sərf etmir. Baxma da, səhəri gün yerin də qulağı var...

0