Futbol veteranı Ramiz Məmmədovun apasport.az saytına müsahibəsi:
-Müsahibələrinizin birində “De Byazinin dediklərini həyata keçirməsi real görünmür” demişdiniz. Bəs indiki vəziyyətdə yığmamızı yerli yoxsa əcnəbi məşqçinin çalışdırmasını daha məqbul sayırsınız?
-Mən həmişə üstünlüyü yerli məşqçiyə vermişəm. Sözümün də üstündə hər zaman dayanıram. Azərbaycan komandasına Azərbaycanlı baş məşqçi lazımdır. De Byaziyə də gələcək işlərində uğurlar arzu edirəm.
İnanıram ki, azərbaycanlı məşqçi gəlmə məşqçilərdən aşağı nəticə göstərməyəcək. Yetər ki, bir dəfə şans verək onlar özlərini millidə yoxlasınlar, məngənədən keçsinlər. İnanıram ki, özləri də görəcək ki, doğru qərar veriblər. Biz o şansı Azərbaycan övladlarına verməliyik.
- Sizcə, baş məşqçi postuna kim gəlsə, millini bu durumdan çıxara bilər ?
-Bütün məşqçilər AFFA-da oturan rəhbərliyin gözü önündədir. Mənə elə gəlir, onlar ağı qaradan seçməyi lap yaxşı bilirlər. Bugünkü gündə, milliyə kim məsləhətdirsə , onlar özü hamımızdan yaxşı bilir. Ümidvaram ki, seçimləri doğru olar və düzgün qərar verərlər.
- Bu mövsüm Premyer Liqada komandalar fərqli oyun nümayiş etdirir. Sizi ən çox təəcübləndirən hansı komandalar oldu?
- Bəli. Bu mövsüm "Səbail", "Turan Tovuz" , "Sumqayıt", "Araz-Naxçıvan" çox gözəl oyun nümayiş etdirirlər. Bu 3 komandanın oyununu xüsusilə bəyənirəm. Qarşıdan gələn çempionatda, Avrokuboka vəsiqədə həmin klublara uğurlar arzu edirəm.
-Avrokuboklarda çıxış etmiş komandalarımızdan üçü – “Neftçi”, “Sabah” və “Qəbələ” daha zəif nəticələr göstərir...
-"Neftçi", "Sabah" və "Qəbələ" mövsümə zəif start götürdü. Təbii ki, hər bir klubda eniş-yoxuş olur. Ancaq, bu nə qədər davam edəcəksə, klubun daxilində olan rəhbərlik, infrastrukturu idarə edən insanlar bilməlidir. Mənə elə gəlir, " Neftçi" və " Sabah" öz sözünü deyə biləcək. "Qəbələ" isə toparlanacaq. Hər bir halda onlara uğurlar arzu edirəm.
- “Qarabağ”ın gələn həftə “Molde” ilə çox vacib oyunu olacaq. Komandanın qrupdan çıxma şansını necə dəyərləndirirsiz?
-“Qarabağ” hamımızın döyünən ürəyidir. İnanıram ki, “Molde” ilə səfər oyununda da məhz sevinən tərəf “Qarabağ” olacaq. Həmin qrupdan “Qarabağ” çıxacaq. Hamımızın da ən böyük istəyi budur.
- Azərbaycanı Avropada təmsil edən bir komanda qalıb. Niyə “Qarabağ” bu yolda tək qalır, digərləri ona qoşula bilmir?
-Azərbaycan klublarının içində Avrokuboklarda uzunmüddətli çıxış edən Qurban Qurbanovun komandasıdır. Sözsüz, hamımızın fəxridir. "Qarabağ"da klub rəhbərliyi ilə məşqçi heyəti arasındakı körpünün bünövrəsi çox gözəl atılıb. Qurban Qurbanov da, məşqçi heyəti də klubun etibarını qazanıb. Onların bir yerdə bahəm işləməsi, sözlərinin bir olması, Avropada uğur qazanmasına ən böyük səbəbdir. Hər birinə uğurlar arzu edirəm.