“Bizim üçün çətin vəziyyətdir. Həm zədəlilərimiz var idi, bu oyunda da itirdik”.
Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf deyib.
Rumıniyalı mütəxəssis Misli Premyer Liqasının XI turunun “Sabah”la ev oyunu barəsində fikirlərini mətbuat konfransında açıqlayıb: “Elə komanda qurmuşduq ki, “Sabah”a qarşı mübarizə aparsın. Rəqib yaxşı dönəm keçirir. İlk hissədə istədiklərimizi etməyə çalışırdıq. Amma sona çatdıra bilmirdik. Ataa Caber, Qodsvey Donyo, Yusuf Laval imkanları qaçırdılar. Bütün bunlara baxmayaraq, ilk yarıda 0:2 hesabı ilə geridə olduq. İkinci yarıda sanki üçüncü qolu buraxmalı idik ki, komanda ayılsın. Son 20 dəqiqədə təzyiq yaratdıq. Rəqibi meydanda uzanan vəziyyətdə seyr etdik. On nəfərlə oynayırdıq. Bəxtimiz gətirsəydi və Yeqor Boqomolski imkanlardan yararlansaydı heç-heçə olardı”.
Mütəxəssis hakimlikdən də danışıb: “Hakimin qərarları eyni olsaydı, nəticəni ədalətli sayardım. Referi eyni qayda pozuntularında rəqibə və bizə fərqli qərarlar verirdi. 8 uzatma dəqiqəsinin iki dəqiqəsini oynamadılar. Evdə uduzmuşuq. Bu yaxşı hal deyil. Bir neçə problemi həll etmişik. Bir neçə aparıcı oyunçumuz yoxdur. Onların yerini doldurmaq üçün futbolçuların mövqelərini dəyişirik. Bu da asan olmur. Belə problemlər gözləmirdik. Bu oyunçuların itkisi məşqlərə də təsir göstərir. Son 20 dəqiqədəki mübarizə xoşuma gəldi”.
Regekampf “Qarabağ”la “Sabah”la matçlarda xal qazanılmamasına da toxunub: “Bu matçların üçündə də uduzmuşuq. “Sabah”la ilk görüşdə hesab açılmazdan üç imkanımız oldu. Həmin görüşdə hesabı açmaq bizə motivasiya verməli idi. Amma bundan yararlana bilmədik. “Qarabağ”la qarşılaşmada ilk 45 dəqiqə yaxşı oynadıq və fasiləyə üstün yollansaq da, sonda uduzduq. Komanda qurmaq üçün vaxta ehtiyac var. Bu rəqiblərlə yenə oyunlarımız var. Mövqeyimiz yaxşı deyil. Rəhbərliklə hansı mövqelərin güclənməsi barədə danışmışıq. Komandamız daha yaxşı olacaq. 9 oyunçunu itirmişik. Mən pozitiv insanam. Oyunçum zədə alanda heç nə edə bilmirəm”.
Mütəxəssis bugünkü oyunda iki komandanı müqayisə edib: “Sabah” daha sadə oynamağa çalışırdı. Belə oynayıb qollar da vurdular. Donyo qapıya getməli olduğu epizodda sola istiqamətləndi. Əksər futbolçulardan yararlana bilmirəm. Onlar məşqdə zədələnməyib. “Qarabağ” və “Sabah”la üç oyunda daha çox xal qazanmalıydıq. Bəzən elə olur ki, ilk yarıda, bəzən isə ikincidə daha yaxşı oynayırıq. Azər Salahlı, Eddi İsrafilov matçda zədələnib. Onlar xronikidir. Vaxtında istirahət etmədilər, komandayla olmağa üstünlük verdilər. Rəhman Hacıyev, Azər Əliyev və Vato Arveladze də oyunda xəsarət alıb. Yalnız Mərt Çelik məşqdə pəncəsini zədələyib. Bu gün də üç oyunçumuzu itirdik. Zədələnən Yusuf Lavalın durumunun yaxşı olacağına ümid edirik. Voislav Stankoviç 4-cü sarı vərəqəni aldı, İsmayıl Zülfüqarlı isə qırmızı vərəqə ilə cəzalandı”.
Qeyd edək ki, “Neftçi” paytaxt derbisində 2:3 hesabı ilə məğlub olub.