Azərbaycan milli komandasının sabiq üzvü, “Neftçi” və “Sabah”ın formasını geyinmiş Rəşad Eyyubov apasport.az saytına müsahibə verib.
- "Neftçi"nin baş məşqçi postunda dəyişiklik edildi. Adrian Mutu göndərildi, əvəzinə Miodraq Bojoviç gətirildi. Rumıniyalının göndəriləcəyini, işinin öhdəsindən gələ bilməyəcəyini ehtimal edirdin?
- Komandanın zəif çıxışı baş məşqçinin adı ilə kompensasiya olunurdu. Sonradan da göründü ki, komanda zəif çıxış edir. Hardasa, oyunda istiqamətsizlik daha aydın görünürdü. Məncə, məntiqli qərar baş məşqçinin uzaqlaşdırılması idi. Amma paradoks odur ki, bütün aşkar problemlərə baxmayaraq, "Neftçi" ili üçüncü yerdə başa vura bildi.
- Ümumiyyətlə, Mutunun hansısa məqamda “Neftçi”yə pozitiv nəsə qatdığını düşünürsən?
- Bəli, deyə bilərik ki, klub üçün faydalı təcrübə oldu. Bu 6 ay köhnə aksiomanı təsdiqlədi: yaxşı futbolçu yaxşı məşqçi demək deyil. Bunu Mutuda da gördük.
-Necə fikirləşirsən, Miodraq Bojoviç "Neftçi"də nə edə biləcək? Qarşısına qoyulan hədəf komandaya minimum ikincilik və kubok qazandırmaqdır...
- Bojoviç yüksək səviyyədə iş təcrübəsinə malikdir. O, uzun illər Rusiyada çalışıb. Təbii ki, Bojoviç də sehirbaz deyil. İndiki "Neftçi"nin heyətində "Qarabağ"la rəqabət apara bilməyən futbolçular çoxdur. Bunu da nəzərə almaq lazımdır.
- Əvvəllər "Rostov", "Amkar", "Lokomotiv" kimi komandalarda işləmiş monteneqrolunun "Neftçi"də dəyişməli olduğu əsas məsələ nədir səncə?
-İlk növbədə, oyunun rəsmini görmək istəyirəm. Baş məşqçinin üslubu komandaya keçməlidir. Hesab edirəm ki, hazırda əsas vəzifə budur. Zamanla bunlar da görünəcək.
- Vaxtilə Aleksey İsayev vaxtı ilə səninlə də birlikdə çıxış edib. O, "Sabah"dan "Qarabağ"a keçdi. Bununla bağlı şərhin necə olacaq? Səncə, bu komandaya nəsə qazandıra biləcək?
- Aleksey İsayev keyfiyyətli futbolçudur. İstənilən klubu gücləndirməyə qadirdir. İsayevin oyun tərzi “Qarabağ”a tam uyğun gəlir. Onun yarışa və daha sıx oyun cədvəlinə nə dərəcədə hazır olduğunu zaman göstərəcək. Amma yaxşı futbolçu olduğu fikrindəyəm.
- Sabiq komandaların arasında "Neftçi" və "Sabah" gözləntiləri qarşılaya bilmir. Səncə, "Neftçi" mövsümün ikinci yarısında çempionluq mübarizəsində yer alacaq?
- Bu mövsüm çempionatın taleyi yalnız "Qarabağ"ın əlindədir. Hər şey onların bu tempdə və bu keyfiyyətlə davam edib-etməməsindən asılıdır. Digər klublar üçün əsas məqsəd kubok və avrokuboklar üçün yerdir. Konkret olaraq, "Neftçi"yə gəlincə, bir mövsümdə iki məşqçi dəyişikliyi çempionluq ambissiyalarına təsir edir. Ona görə də, onların çempionluğuna inanmıram.
- “Sabah” ötən mövsüm ikinci yer idi, bu mövsüm xal itkiləri çox yaşadı. Səncə, buna səbəb nədir? Coy-Lens Mikels və Aleksey Kaşuksuz komanda sanki zəifləyib...
- Aydın məsələdir ki, 2 əsas oyunçunun itkisi hər klub üçün çətin məqamdır. Ancaq bu söhbətlər keçmişdə qalmalıdır. O qədər oyunlar oldu ki, bəxt "Sabah"ın tərəfində deyildi. Cədvəldəki sıxlıq eyni vaxtda 6 komandaya yüksək mövqelərə ümid verir. Ancaq inanıram ki, "Sabah" mükafatçılar sırasında yer tutacaq.