Rəşad Rəsullu: "Onları sterilizə vəziyyətdə saxlaya bilmərik"
03.03.2023 - 20:24
Rəşad Rəsullu: "Onları sterilizə vəziyyətdə saxlaya bilmərik"

“Daha çox dünya və Avropa çempionatlarına getmişəm. “Böyük Dəbilqə” yarışlarına getməyimin səbəbi başqa idi. Orada gedib müəyyən görüşlər keçirirdik. Məsələn, Beynəlxalq Cüdo Federasiyası Akademiyası ilə əlaqələr ötən il Antalyadakı “Böyük Dəbilqə” yarışı zamanı müzakirə olunmuşdu. İndi isə xüsusi görəcəyimiz iş yoxdursa, yarışa Bakıda televiziya vasitəsilə də baxmaq mümkündür. Baş məşqçi və performans direktoru orda olduğundan, başqa rəhbər şəxsə ehtiyac yoxdur”.

Bunu apasport.az-a müsahibəsində Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu deyib.

O, bəzi məsələlərə aydınlıq gətirib. Rəsullu Azərbaycan cüdoçularının stabil çıxış etməməsi barədə suala belə cavab verib: “Orxan Səfərov Bakı “Böyük Dəbilqə”sində bürünc medal, İsraildəki analoji yarışda gümüş medal qazandı. Amma bu o demək deyil ki, 66 kq çəkidə bütün “stavka” onun üzərinə qoyulacaq. Hamıya şans veriləcək. 2 həftədən bir güləşib medal qazanmaq elə də asan məsələ deyil. Çox nadir idmançı hər yarışdan medalla qayıdır. Burda çəki və s. müxtəlif amillər rol oynayır. Əslində Balabəy Ağayev İsraildəki yarışda 5-ci yeri tutsa da, stabil çıxış edir. Çünki daha əvvəl Bakı, Əbu-Dabidəki “Böyük Dəbilqə”lərdə və Qüdsdəki “Masters” turnirlərində də yer tutmuşdu. Fikir verin Tedi Rinerə. Bəzən olur ki, o, 1 il ərzində 2 yarışa gedir. O, yarışa yalnız hazır olanda qatılır. Yaponlar da həmçinin”.

Rəşad Rəsullu azərbaycanlı cüdoçuların tez-tez xəstələnməsi barədə suala da aydınlıq gətirib: “Onların ailəli olanı var. Məşqə evdən gəlirlər. Onlara nəzarət etmək imkanımız yoxdur. Hər yarışdan qabaq da Bakıdan kənarda təlim-məşq toplanışı təşkil olunmur ki, onlara nəzarət edək. Rüstəm Orucov Portuqaliyada olarkən xəstələndi. Orxan Səfərov Parisdə güləşməli idi, ancaq xəstələndiyi üçün ora gedə bilmədi. Biz onları sterilizə olunmuş vəziyyətdə saxlaya bilmərik. Ancaq razıyam ki, hər bir idmançı çalışmalıdır ki, özünü qorusun. Bu barədə onlara dəfələrlə demişik. Məşqdən qabaq biz onların temperaturunu yoxlayırıq. Temperaturu yüksək olanlara məşqə buraxmırıq. Amma bəzən temperatur özünü tez göstərmir”.

Səbuhi Musa

writer photo
Əlirza Əlirzalı
0