Rəşad Sadıqov: "Adama ağır gəlir" - VİDEO
12.11.2023 - 19:35
Rəşad Sadıqov: "Adama ağır gəlir"  - VİDEO

"Gözlədiyimizdən də çətin sonluq oldu. Qola qədər oyun daha çox bizim nəzarətimizdə keçirdi. Penaltidən fərqləndik. Ondan sonra tədricən "Qəbələ" üstünlüyü ələ keçirdi. Sonda böyük qüvvə ilə irəli atıldılar. Hesabın həyəcanı futbolçuları müdafiədə oturmağa vadar etdi. Ancaq böyük təzyiq altında qol buraxmadan vacib üç xal qazandıq. "Qəbələ" ilə oyunlarımız həmişə ağır keçir. Aramızda keçən növbəti gərgin və maraqlı oyunlardan biri oldu". 

Apasport.az xəbər xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 13-cü turunun "Qəbələ" ilə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.

O, ardından jurnalistlərin rnalistlərin suallarını da cavablandırıb.

- Son dəqiqələrdə müdafiədə boşluqlar verdiniz ki, rəqib də qol epizodları yaratdı. Bu yorğunçuluqla əlaqədar idi, yoxsa rəqibin göstərdiyi təzyiq?

- Kənardan çox müdaxilələr etdik ki, çox müdafiəyə oturmayaq. Oyunu necə başlamışdıqsa, elə də davam etmək istəyirdik. Ancaq rəqib riskə getdi. Dəyişikliklərdən sonra da böyük qüvvə ilə irəli atıldı. Təhlükəli epizodlar olurdu, amma birində Lukoviç topu boş qapıdan çıxardı. Boşluqlar deməzdim, sadəcə rəqib riskə gedirdi. Bu dəqiqələrdə ya rəqibin boşluqlarından istifadə edib qol vurmalısan, ya da vaxt keçdikcə rəqibin hesabı bərabərləşdirmək şansı artır. Çünki gərginlik olur. Komanda üzərində basqı var və bu da nəticələrlə bağlıdır. Bu gün oyunda onu açıq-aşkar hiss edirdim. Hətta köməkçi məşqçilərimə bildirdim ki, birinci sırada olmaq komanda üzərində müəyyən basqı yaradır. Futbolçular 1:0-dan sonra sanki qorxub nəticəni qorumağa çalışdılar. Ancaq oyundan öncə və təhlillərdə də deyirik ki, üstünüksə, müdafiədə oturmağın mənası yoxdur. Bu, zərərdən başqa bir şey deyil. Lakin yenə də, müdafiəyə oturdular və amansızca mübarizə apardılar. Xoş sözlərə layiq mübarizə idi.

- Elmar Baxşıyev komandasının məğlubiyyətində hakim səhvlərinin həlledici olduğunu düşünür. Hakimliklə bağlı sizin münasibətiniz necədir?

- Hansı epizoda?

- Ümumilikdə hakimliklə bağlı fikri belə idi...

- Elmar Baxşıyev çox sevdiyim məşqçilərdən və dostlarımızdandır. Onun son illərdə gördüyü işlər təqdirəlayiqdir. Təbii ki, ola bilsin isti-isti emosional fikir bildirib. Hansısa konkret epizodla bağlı fikir olsaydı, biz də baxdıqdan sonra nəsə fikir bildirə bilərik. Penalti haqdadırsa, ilk baxışdan belə olduğu göründü. Həmkarımın fikrini çox şərh etmək istəmirəm.

 

- Siz razı qaldız hakimlikdən?

- Mən razı qaldım və ya razı qalmadım, dəyişən bir şey yoxdur. Yeri də gəlsə, bu üç ildə hakimlikdən ən çox əziyyət çəkən komanda bizik. Həlledici səhvlər həlledici məqamlarda olub. Bizə deyəndə ki, hakim səhvi ilə "Zirə" qalib gəldi, adama ağır gəlir. Mətbuat konfransları elədir ki, isti-isti danışırsan, hər şeyi dərin təhlil etmədən. Sakit formada da eyni fikirdə qalanda, nəyisə müzakirə etmək olar.

 - Mətbuatda yayılan xəbərlərə görə, dekabrda "Qarabağ"la Xankəndidə qarşılaşacaqsız. Bu barədə sizin rəsmi məlumatınız var?

- Xeyr, bizim də konkret məlumatımız yoxdur. Mətbuatdan eşitmişik. Əgər olsa, biz də sevə-sevə, Xankəndidə şərəflə oynayarıq. Məncə, hər kəs istəyər ki, "Qarabağ"la Xankəndidə oynasın.

- Heyətdə yetərincə zədəlilər var idi. Qarşıdakı matçlar üçün hansı rotasiyalar edəcəksiz?

- Bizim də, "Qəbələ"nin də heyətində ciddi problemlər var idi. Rəqibin 3-4 aparıcı futbolçusu çıxış etmirdi. Amma bu gün heyətlə  bağlı şikayət edə bilmərəm. Çünki bu gün heyətimiz "Qəbələ"dən daha geniş idi. Amma ümumən zədəlilərimiz çoxdur, zədədən dönənlər də az deyil. Altı futbolçumuzun üç sarı vərəqəsi var. Qırmızı alan biz, çempionat bitdikdən sonra videotəkrarla cəzalanan biz, altı futbolçusunun üçünün sarı vərəqəsi olan biz...Qəbələdəki oyunda 100 faizli penaltimiz var idi. Bir çox mütəxəssis də bunu penalti kimi görürdü. Pyer Zebliyə olmayan qırmızı vərəqə verildi. Hakimlikdən çox danışmaq istəmirəm. Bu mövsüm hakimlərimizdə açıq-aşkar irəliləyiş var. Amma mənə qarşı yenə səhvlər olub. Həmişə ümumi, "Zirə"nin baş məşqçisi kimi yox, Rəşad Sadıqov kimi danışmağa çalışıram. Bu mövsüm hakimlərdə irəliləyiş var. Bəlkə də, səhvlər olub. Ancaq əvvəlki illərdə hər oyunda ciddi səhvlərlə qarşılaşırdıq. Bu günkü matça hakimin təsirinin olduğunu düşünmürəm.

- Paxtmanın hazırkı durumu necədir? Ona hələ də inanırsız?

- Zədədən sonra bərpa olub. 0:0 olanda meydana buraxmaq istəyirdik. Sonradan qol vurduq. Paxtman 35-40 dəqiqə oynamağa hazır deyildi. Qol vurduq deyə, onu saxladıq, başqa dəyişikliklər etdik. Hələ ki, orqanizmi 2-3 oyun ardıcıl əsas heyətdə oynamağa imkan vermir. Yəqin ki, onunla bağlı təmkinli olacağıq.

- Hacıağa Hacılı çoxdandır ki, yoxdur...

- Zədəlidir. O, keçmiş illərdə çox oynayıb, daim güvəndiyim oyunçudur. Mövsümün əvvəlində zədələndi və demək olar ki, bütün hazırlığı buraxdı. Avqustun sonlarında məşqlərə başladı. Müəyyən oyunlarda 15-20 dəqiqə oynayırdı. Son vaxtlarda yenə zədəli idi. Hər futbolçunun karyerasında müəyyən uğursuz period olur. Yəqin ki, o da indi bunu yaşayır. Yoxsa, Hacıağa bizim vacib oyunçularımızdandır. Səbirsizliklə tam sağalmasını gözləyirik. Hələ ki, fərdi məşqlərə başlamayıb. Ən azından 1 aydan sonra tam məşqlərə iştirak edəcək.

writer photo
Əlirza Əlirzalı
0