Rəşad Sadıqov: “Bu mövsüm məni ən çox razı salan oyunumuz idi” - VİDEO
28.10.2023 - 20:03
Rəşad Sadıqov: “Bu mövsüm məni ən çox razı salan oyunumuz idi” - VİDEO

Azərbaycan Premyer Liqasının 11-ci turunun "Zirə" - "Səbail" görüşündən sonra ev sahiblərinin baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında iştirak edib. Apasport.az xəbər verir ki, o, 2:2 hesabı ilə başa çatan görüşü şərh edib və jurnalistlərin suallarını cavablandırıb.

"Ümumən futbolçularımın çıxışından razı qaldım. Bu mövsüm bəlkə də ən çox bəyəndiyim oyunlardan birini keçirdik. Yaxşı rəqibə qarşı oynayırdıq. "Səbail" uğurlu çıxış edir, yaxşı da formalaşıb. Oyun bizim üçün çox yaxşı başladı. Hesabı açdıqdan sonra rəqibin müdafiəsində yaxşı boşluqlar var idi. Onlardan istifadə etmədik. Ancaq 2-3 dəqiqə içərisində iki qol buraxdıq. Bizim üçün böyük sarsıntı idi. Buna baxmayaraq, futbolçular oyuna nəzarəti əldən vermədilər, sona qədər hücum etməyə çalışdıq. Yetərincə qol epizodlarımız var idi. Sadəcə son anlarda dəqiq deyildik. Amma istənilən halda, hesabı bərabərləşdirdik. Futbolçularıma təşəkkür etmək istəyirəm. Bu mövsüm məni ən çox razı salan oyunumuz idi".

- Hücum xəttinə oyunçu cəlb edəcəksiz?
- Oyuna çox ciddi itkilərlə hazırlaşırdıq. Bəlkə də ən ağır hazırlaşdığımız oyun idi. Zədəli, zədədən dönən oyunçularımız oldu. İkinci hissədə oyunu gücləndirmək üçün meydana buraxacaq hücumameyilli oyunçumuz yox idi. Yarımmüdafiəçimiz də yox idi, hücumçumuz da. Oyunu məcburiyyətdən belə tamamladıq. Ehtiyatda olanların hamısı isə müdafiəyə meyilli idilər. Problemlər var, bunu əvvəlcədən də görürdük. Bunu çözmək üçün yalnız qış fasiləsində vaxtımız olacaq. İndi heç nə edə bilmərik. Maksimum dərəcədə düşdüyümüz vəziyyətdən çıxmağa çalışmalıyıq. Əslində, bu gün Rüstəm Əhmədzadə, Vladislav Kulaç. Hücum xəttindən də razı qaldım. Baxımlı oynayırdılar, sadəcə son zərbələrdə soyuqqanlılıq çatışmırdı. O da zamanla düzələr.

- Filipe Paxtmanın zədəsi nə yerdədir? Tez-tez zədələnir...
- Xeyr, köhnə zədəsi ilə bağlı məsələ deyil. Sadəcə, hər iki ayağının çarpaz bağlarından əməliyyat edilmişdi. İkisi də qopmuşdu. Son zamanlarda isıə tez-tez əzələ zədəsi alır. Təkrarlanan zədə deyil, yeni-yeni yerlərdə olur. Baxırsan ki, qarın nahiyyəsində əzələsini dartıb. Müşahidə etdikdə görürsən ki, digər komandaların heç birində bu qədər zədə yoxdur, ən çox zədə bizdədir. Bəzən daha çox istirahət veririk. Zədələri nəzərə alaraq, planlarımızda dəyişiklik edirik. Yükləmələri də aşağı salırıq, ancaq bunlardan qurtula bilmirik. Oyunöncəsi də ciddi itkilər oldu. İki gündən qabaq məşqdə Eldar Quliyev sıradan çıxdı ki, bu da bizim üçün böyük itkidir. Olur da, futbolun içində, çalışırıq ki, həll edək.

- Bu mövsüm evdə ilk dəfə iki qol buraxdınız. Səbəbi nədir?
- Rəqib bu gün çox dəqiq oynadı. Qapımıza demək olar ki, iki ciddi zərbə gəldi, ikisi də qolla nəticələndi. Belə dəqiqlik olan zaman inanır, meydanın kənarında da düşünürsən ki, qələbə qazanmaq çətin olacaq. Bizdə də çoxsaylı zərbələr, hücumlar olur, amma bizdə də hər zərbə qolla yekunlaşsa, yəqin ki, bu gün 4-5 qol vura bilərdik. Pedro Nuno usta futbolçudur, bu gün də onu göstərdi. Birinci qol möhtəşəm idi, ikinci də həmçinin, onu yoxdan var etdi. Müdafiəni də nədəsə günahlandıra bilmirəm. Pedro əlinə düşən yarım fürsətdən çox yaxşı istifadə etdi.

- Qapınızda gördüyünüz qollar haqda nə deyəcəksiz?
- Abbas İbrahim bu gün oyuna nədənsə inamsız başladı. İkinci hissədə dəyişiklik etdik. Andriya Lukoviç oyuna çox yaxşı daxil oldu. "Səbail" çempionatda ən təhlükəli əks-hücuma çıxan komandadır. Onu da bu gün ikinci qolda göstərdilər.

- Bu gün Rəhim Sadıqov effektiszliyi ilə diqqət çəkdi. Ancaq siz dediz ki, hücum xəttindən razı qalmısız. Sizcə, Rəhimin performansındakı eniş nə ilə bağlıdır?
- Bilmirəm. Özü də, öz üzərində çalışır. Rəhim də hiss edir ki, daha çoxunu bacara bilər. Bu gün meydanda çox mübarizə apardı, istəkli, hərəkətli idi. Rəqib də kompakt müdafiə olunurdu, çox boşluq vermirdi. Oyuna baxdıqdan sonra daha dəqiq nəsə demək olur. Ancaq bu gün komandadan razı qaldım.

- Yeni transferlərlə bağlı axtarışlar gedir?
- Müəyyən axtarışlar gedir, nəzarətdə saxladığımız oyunçular var. Məsələn, yayda razılaşıb gətirə bilmədiyimiz oyunçularımız var. Onlarla danışırıq, başqa futbolçulara baxırıq, Mütləq şəkildə heyətimizi genişləndirməliyik. Müdafiə və hücum xəttində də ehtiyacımız var. Stefan Akka zədəli idi, cəmi iki stoperlə oynayırdıq, hər ikisinin də üç sarısı var. Onlardan biri sarı vərəqə ilə cəzalandırılsaydı, növbəti oyunda meydana buraxacaq stoperimiz olmayacaqdı. Heyətimizi gücləndirməliyik.

- Bu gün həm dördüncü, həm də baş hakimə etirazlarınızı bildirdiz. Yenə hakimlərikdən narazı qaldız?
- Xeyr, xeyr, oyunun içində olan xırda epizodlar idi. Hər hansısa epizoda ciddi etiraz yoxdur.

writer photo
Əlirza Əlirzalı
0