Samir Abasov: "Bu, müqaviləsi bitən məşqçiyə aid sual deyil"
21.05.2022 - 21:41
Samir Abasov: "Bu, müqaviləsi bitən məşqçiyə aid sual deyil"

“Hamı necə ki, ötən il bizi təbrik etmişdi, biz də indi təbrik edirik”.

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Samir Abasov deyib.

O, Azərbaycan Premyer Liqasının sonuncu turunda “Qarabağ”a 1:4 hesabı ilə məğlub olduqları qarşılaşmanın ardından mətbuat konfransına qatılıb.

Abasov fikrini bu sözlərlə davam etdirib: “Qarabağ”ın bu mövsüm keçdiyi yol uğurlu oldu, Konfrans Liqasında bizi sevindirdi. Futbolçularımı da təbrik edirəm. Məqsədimiz ikincilik idi, bunu da bacardılar. Mövsüm boyu əziyyətlərimiz oldu, itkilər yaşadıq. “Qarabağ” kimi komandaya qarşı səhvlər edirsənsə, səni bağışlamaz. Cavan futbolçularımız var ki, bu oyunlar üçün hələ yetişməyib. Amma belə matçlarla böyüyə bilərlər. Təcrübə yığıb daha yaxşı olacaqlar ki, meydana çıxanda onların təcrübəsizliyi olmayacaq. Builki ikinci yer pis nəticə deyil, “Neftçi”ni təbrik edirəm. Bu qədər çətinliyə baxmayaraq, futbolçularla olan yüksək münasibətimiz bizi ikinci yerə daşıdı”.

- “Neftçi”də qalacaqsınız?
- Bilmirəm.

- Mövsümün əvvəlində heyətdə çox dəyişiklik oldu. Növbəti mövsümə də rotasiya ilə başlayacaqsınız?
- Bu, müqaviləsi bitən məşqçiyə aid sual deyil. Bugünkü situasiyanın acı nəticəsi həmin heyəti əlimizdə saxlamamağımız idi. Çempion olan heyətdən 5 nəfər qalmışdı. Bu da təsirsiz olmaya bilməzdi. Ötənilki tempi saxlamaq mümkünsüz idi. Hər şeyin fiaskoya getməməsi üçün yaxşı, zövqlü oyunu kənara atdıq. Komandanın pis oynamasının səbəbkarı da mənəm. Çünki özüm bunları bilərəkdən etdim ki, mövsümün sonunda ikinci yeri tuta bilək.

- Ancaq azarkeşlər ikinci yeri tutmağınızdan narazıdır...
- Azarkeşlər həmişə narazı olmalıdır. Çünki onlar birinciliyi, avrokuboku istəməlidir. Bu, onların haqqıdır. Onların bəziləri ilə görüşüb danışmışam. Onların istəklərinin qarşısına mənim sadaladıqlarımı bəhanə kimi qəbul edə bilərsiniz. Azarkeş birinciliyi istədiyi üçün heç kim onları qınaya bilməz. Əsl azarkeş də belə olmalıdır.

writer photo
Əlirza Əlirzalı
0