"Qarabağ"ın veteran futbolçusu Samir Musayev apasport.az saytına müsahibə verib
- Azərbaycan Premyer Liqasında mövsümün sonuna 7 tur qalmış “Qarabağ” çempionluğunu rəsmiləşdirdi. Ağdam klubunun bu mövsümkü çıxışını və bu qədər erkən çempionluğunu necə şərh edərdiniz?
- Əlbəttə, “Qarabağ” üçün yaxşıdır. Ancaq çempionatımız üçün, avrokuboklarda oynayan komandalarımız üçün Premyer Liqanın bu cür səviyyədə olması pisdir. Çox istəyərdim ki, 6-7 komanda eyni anda çempionluq mübarizəsi aparsın. Onda həm millimiz üçün, həm də avrokuboklarda oynayan komandalarımız üçün yaxşı olardı. Ancaq indi “Qarabağ”dan başqa bütün komandalar arasında 3-4 xallıq fərq var. Burada tək məsələ “Qarabağ”ın güclü olması deyil. Həm də, digər komandaların seleksiya məsələlərindəki əmmasıdır. Başa düşürəm, bir çox komandaların büdcəsi buna imkan vermir. Ancaq ən azından imkanı olan klublar buna fikir verməliydi ki, çempionatın səviyyəsi yüksəlsin, çempionluq yarışı sonuncu tura qədər davam etsin.
- Bu mövsüm “Qarabağ”a rəqib tapılmamasını nə ilə əlaqələndirirsiz?
- Dediyim kimi, klubların seleksiya işi düzgün getmir. Futbolçu seçimləri lazımı səviyyədə deyil. Bu işi ancaq “Qarabağ” düzgün aparır və nəticəsi də göz qabağındadır. Bu komandaya gələn futbolçuları görürsüz.
- Belə çıxır ki, Ağdam klubu üçün daxili çempionatda layiqli rəqibin tapılması çətin görünür?
- “Qarabağ”a rəqib olmaq üçün düzgün komanda formalaşdırmalısan. Transferlərdə də diqqətli olub, ortaya oyun fəlsəfəsi qoymalısan. Üstəlik, həmin fəlsəfəyə uyğun futbolçu transferləri edilməlidir. Klub rəhbərliyi gətirdiyi məşqçidən həmən, elə həmin ildəcə çempionluq tələb etməməlidir. Məşqçiyə vaxt vermək lazımdır. Ən əsas məsələlərdən biri də, dediyim kimi seleksiyadır. Buna böyük diqqət ayrımaq lazımdır. Akademiyaya diqqət olunmalıdır. Bilirsiz, bayaqdan sadalayıram, amillər çoxdur. Həmin məsələlərə ciddi və peşəkar yanaşılsa, uğur da olacaq, nəticə də. Belədə, çempionatımızda inkişaf olacaq. Həm də, yığma komandalarımızın uğurlu çıxışını görəcəyik.
- “Qarabağ” çempionluğunu rəsmiləşdirsə də, komanda bütün qarşılaşmalara qələbə üçün çıxır...
- Çünki “Qarabağ”da Qurban Qurbanov başda olmaqla, hamı öz işinə ciddi, məsuliyyətli və peşəkar yanaşır. Ona görə də, bundan sonrakı matçlarda da məsuliyyətli olacaqlarına zərrə qədər də şübhəm yoxdur. Onlar bu günə gəlmək üçün illərini veriblər, əziyyət çəkiblər, çətinlikləri arxada qoyublar. İndi vaxtından əvvəl çempion olublar deyə, bütün əməklərini, əziyyətlərini heç edəsi deyillər ki. “Qarabağ” bu mövsüm 3 cəbhədə oynadı. Amma buna baxmayaraq, hər üç istiqamətdə çox uğurlu oldular. Ancaq yenə də, bu oyunlar komandanın 8 tur qalmış çempionluğu rəsmiləşdirməsinə mane olmadı. Burada problem “Qarabağ”da deyil, digər klublarımızdadır.
- Yəqin ki, “Qarabağ”ın bu mövsüm həm də, ölkə kubokunu qazanacağınıza artıq şübhəniz qalmayıb?
- Əslində, bu suala yuxarıda cavab vermişəm. Bu çempionatda “Qarabağ”ın belə uğurlu olması, “Qarabağ”ın problemi deyil, digər komandaların problemidir. Onlar bunu yaxşı-yaxşı fikirləşməlidir. Əgər “Qarabağ” həm çempionatda, həm də kubokda belə uğurlu olursa,bu digər klubların ayıbıdır. Ən başda da, “Neftçi”nin və “Sabah”ın.
- Son günlərdə gündəmi zəbt edən əsas məsələ Andrey Lunyovun yeni müqavilə imzalayıb-imzalamayacağıdır. Səncə, son vaxtlarda çox da etibarlı çıxış etməyən Lunyovu saxlamaq lazımdır?
- Lunyov səviyyəli qapıçıdır. “Qarabağ”ın uğurlarında da böyük rolu var. Onun qalıb-qalmayacağına ilk olaraq, futbolçunun özü, daha sonra Qurban müəllim qərar verəcək. Əvəzolunmaz futbolçu yoxdur.Əminəm ki, əgər gedərsə, “Qarabağ” onun yerinə yaxşı qapıçı gətirəcək.