Slavko Georgiyevski: “Bir gün “Neftçi”nin baş məşqçisi olacağıma inanıram” - MÜSAHİBƏ
28.10.2023 - 12:34
Slavko Georgiyevski: “Bir gün “Neftçi”nin baş məşqçisi olacağıma inanıram” - MÜSAHİBƏ

“Neftçi”nin sabiq futbolçusu Slavko Georgiyevskinin apasport.az saytına müsahibəsi

- “Neftçi” hazırda Misli Premyer Liqasının turnir cədvəlində beşinci pillədədir. Onlar son turda “Səbail”ə qalib gəlməyi bacardı. Ümumiyyətlə, “Neftçi” ilə yaxından maraqlanırsız, komanda barədə hansı fikirdəsiz?
- “Neftçi”ni hər tur izləyirəm, oyunlarına baxıram. Komandanın beşinci pillədə olmasına gəlincə, bu yaxşı hal deyil. Çünki “Neftçi” daim birinci pillədə yer almalıdır. Ən azından ikinci pillədə olmalıdır. Daha beşinci pillədə deyil.

- Yayda “Neftçi”də böyük dəyişikliklər baş verdi, yeni baş məşqçi və futbolçular da komandaya dəvət edildi. Adrian Mutunun baş məşqçi postuna təyinatından sonra nə düşünürdüz?
- Bəli, bir çox oyunçular dəyişdi, yeni baş məşqçi də dəvət etdilər. Mutu oradakı vəziyyəti dəyişməlidir. Çünki “Neftçi” çempionluq uğrunda mübarizə aparmalıdır.

- Rumıniyalı məşqçi “Neftçi”yə kömək edəcək, uzun illər çempionluqlar yaşadacaq biridir?
- Yaşayaq, görək də. İndi alınmadı. Amma zaman seçimin doğru olub-olmamasını göstərəcək. Ona görə də, zamanla hər şeyi bəlli olacaq.

- Son turda qalib gəlsələr də, çoxları onlarda oyun şəkli olmadığını deyir. Sizcə, Mutuya nə qədər vaxt lazımdır?
- Nəticə az-az olur, amma oyun rəsmi hələ ki, yoxdur. Yeni oyunçular aldılar. Onları Mutu gətiribsə, hər halda cavabdehlik də ondadır. Bu mənada, zaman lazımdır. Oyunçuları öz oyun stilinə uyğun seçib gətirirsən. Təbii ki, müəyyən zaman keçdikdən sonra oyun rəsmi də olmalıdır.

- “Neftçi” son dəfə 2020/21 mövsümündə çempion oldu. Həmin vaxtdan sonra komandanın daha da güclənəcəyi gözlənilirdi, amma onlar daha da zəiflədi. Sizcə, bu nə ilə bağlıdır?
- Çempionluq taxtındakı yerini saxlamaq çətindir, nəinki çempion olmaq. Komanda çempion olursa, heyəti saxlayaraq, 3-4 oyunçu da cəlb etməlidir. Yəni, çox dəyişiklik lazım deyil. Sonradan da Laurentsiu Regekampf gətirildi. Bu isə ümumiyyətlə anlaşılmaz idi.

- Siz özünüz də hazırda məşqçilik edirsiz. “Neftçi”də baş məşqçi postunda yer almağı xəyal edirsiz?
- Bəli, indi məşqçilik edirəm. Təbii ki, bir gün “Neftçi”nin baş məşqçisi olacağıma inanıram və xəyal edirəm. Hələ ki, “Neftçi”də görəcəyim işlər var. “Neftçi”də baş məşqçi kimi də çempion olmaq istəyirəm. Kuboku isə qazanmağı çox xəyal edirəm. Çünki futbolçu kimi finalda “Bakı”ya uduzmuşduq. Yeri gəlmişkən, avrokuboklarda “Neftçi”nin baş məşqçisi postunda qruplara qalmaq istəyərdim. Mən bunu kluba, azarkeşlərə və Azərbaycana borcum kimi hesab edirəm.

- Bu mövsüm “Neftçi”nin “Qarabağ”la çempionluq mübarizəsi aparacağına inanırsız? “Neftçi” çempion ola biləcək?
- İndidən çempionluq haqda danışmaq tezdir. “Qarabağ” ölkə çempionatında, avrokuboklarda, ölkə kubokunda oynayır. Əgər heyətində yetərincə futbolçu varsa, əsas favorit olacaqlar. “Zirə” də həmçinin. “Sabah”ın da yüksələcəyinə inanıram. “Neftçi”yə gəlincə, ümid edirəm ki, çempionluq mübarizəsində yer alacaqlar.
 

writer photo
Əlirza Əlirzalı
0