“Qarabağ” bu gün avrokubokların qrupunda yerini təmin edə bilər.
Apasport.az saytının məlumatına görə, bunun üçün Azərbaycan təmsilçisi Çempionlar Liqasının II təsnifat mərhələsini adlamalıdır.
İsveçrədə “Sürix”in qonağı olacaq Qurban Qurbanovun yetirmələri Bakıda əldə etdiyi 3:2 hesablı üstünlüyü qorusa, Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksələcək.
Bu, artıq qrupda yerini təmin etmək anlamına gəlir. Çünki Çempionlar Liqasının III təsnifat mərhələsində oynayan komandalar ən azı Konfrans Liqasının qrupunda yerini təmin etmiş olur.
Çempionlar Liqasının III təsnifat mərhələsində uğur bu turnirin, uğursuzluq isə Avropa Liqasının pley-offuna daşıyır. Bu da qrup öncəsi son səddir.
Çempionlar Liqasının pley-offunda qələbə bu turnirin, məğlubiyyət Avropa Liqasının qrupuna vəsiqə deməkdir. İkinci dərəcəli turnirin pley-offundakı qələbə həmin yarışın, məğlubiyyət isə Konfrans Liqasının qrupuna vəsiqə verir.
Bir sözlə, “Qarabağ” “Sürix”i keçsə, iki daha nüfuzlu turnirin birinin pley-offunda oynayacağı dəqiqləşəcək. Bu da 2014/15 mövsümündən başlayaraq ardıcıl 8 dəfə qrupda oynayan komandanın 9-cu uğurunu rəsmiləşdirəcək.
Qeyd edək ki, “Qarabağ” bir dəfə (2017/18) Çempionlar Liqasının, altı dəfə (2014/15, 2015/16, 2016/17, 2018/19, 2019/20, 2020/21) Avropa Liqasının, bir dəfə Konfrans Liqasının (2021/22) qrupunda oynayıb, ötən mövsüm bu səddi adlayaraq pley-offa yüksəlib.