“Komandanın bərpası üçün atılan ilk addımlardır. “Araz” 55 il əvvəl yaranıb. Üç dəfə Azərbaycan çempionatında gücümüzü sınamışıq. 7-8 il əvvəl çempionatdan kənarda qaldıq. İndi “Araz Naxçıvan” yenidən bərpa olunub və inanıram ki, çempionatda öz sözümüzü deyəcəyik”.
Apasport.az saytının məlumatına görə, bunu “Araz Naxçıvan”ın idarə heyətinin üzvü Tahir Tahiroviç deyib.
Klub rəsmisi növbəti mövsümdən I Divizionda mübarizə aparmalarına münasibət bildirib. O bildirib ki, qurulan komandanın arxa cəbhəsi var: “Bu, sturkturdur. “Araz Naxçıvan”ın elə strukturu qurulur ki, həm təşkilati, həm baza, həm meydançalar baxımından işlər bundan sonra da davam edəcək. Biz özümüzü gediləsi uzun yolda hiss edəcəyik. Qısa yol olmayacaq. Hədəflərimiz böyükdür. Bu il birinci divizionu düşünürüksə, sonra Premyer Liqanı düşünürük. Bizim üçün şərait yaradılıb”.
Tahiroviç “SSRİ dönəmində “Araz Naxçıvan”ın rəngi mavi olubsa, indi niyə ağ-qırmızıdır”, - sualını da cavablandırıb: “Əslində, ağ-qırmızı yox, qırmızıdır. Müəllifi də mənəm. Məşhur kosmonavt Aleksey Leonov, açıq kosmosa çıxan ilk insandır. Onun kitabı var, orada yazır ki, yer kürəsini yuxarıdan qırmızı rəngdə gördüm. Yerə enəndən sonra bir çox ölkələri gəzib, həmin rəngi axtardım. Leonov 70-ci illərin sonunda Naxçıvanda olub. Deyib ki, ilk dəfə həmin rəngi Naxçıvan dağlarında görmüşəm. Elə mən də Naxçıvan dağlarının şərəfinə o rəngin götürülməsini təklif etmişəm, razılıq alınıb”.
Səlcuq Elçin / Naxçıvan