Təbriz Həsənov: "Azərbaycan Kubokunun sahibi elə "Qarabağ" olacaq" - Müsahibə
09.04.2024 - 21:17
Təbriz Həsənov: "Azərbaycan Kubokunun sahibi elə "Qarabağ" olacaq" - Müsahibə

"Qarabağ"ın veteran futbolçularından olan Təbriz Həsənov apasport.az saytına müsahibə verib. O, Ağdam klubunun bu mövsümkü çempionluğundan və avrokubokdakı çıxışından söhbət açıb.

- "Qarabağ" artıq çempionluğunu təmin etdi. Halbuki, mövsümə yaxşı başlamamışdı. Bu cür sonluq olacağını ehtimal edirdiz?
- "Qarabağ" Premyer Liqanın startını gözlənilməz olaraq, yaxşı başlamamışdı. Amma onların futbolçularının səviyyəsi, komandanın potensialından görünürdü ki, get-gedə artıracaqlar. Lakin "Qarabağ"ın vaxtından əvvəl, sona bu qədər oyun qalmış, özü də bu qədər xal fərqi ilə çempion olacağını gözləmirdim. Burada bizi çox təəccübləndirdilər. Daxili çempionatda bizi, avrokuboklarda isə bütün dünyanı yaxşı mənada, gözəl oyunu ilə təəccübləndirdilər. Biz bilirdik ki, "Qarabağ" yaxşı komandadır, çempion olacaq və avrokuboklarda yaxşı oynayacaq. Lakin bu qədər irəli getməsini, bu qədər gözəl oyun göstərməsini gözləmirdik. Hamımız üçün sürpriz oldu. Sevindirici hal idi. Əsasən də, "Braqa" və "Bayer"lə oyunları qeyd edərdim. Daxili çempionatı çox asan, çox rahat keçdilər.

- Necə düşünürsüz nəyə görə bu mövsüm "Qarabağ"a layiqli rəqib tapılmadı, rəqabət aparan olmadı? Halbuki, ötən mövsümün ikincisi "Sabah"ın çempionluq mübarizəsində olacağı gözlənilirdi. "Neftçi" də gözləntiləri qarşılamadı...
- Bəli, bu il "Neftçi"dən olan gözləntilər özünü doğrultmadı, "Sabah" da ötən mövsümkü performansını göstərə bilmədi. Eniş və yüksəlişlər oldu. "Qarabağ" "Neftçi", "Sabah" və ya digərlərinin zəifləməsindən istifadə etmədi. Sadəcə,  "Qarabağ" bu mövsüm çox güclü idi. Onların futbolçularının oyunlarında yüksəliş var. Onsuzda, Abdullah Zubir, Marko Yankoviç, Leandro Andrade, Julio Romao, Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə, Nəriman Axundzadə, Toral Bayramovun oyununda irəliləyiş var idi. Bu il isə bu komandaya güc qatan Andrey Lunyov, Yasin Benziya və Juninyo oldu. Düzdür, Benzia daha qabaq gəlmişdi, amma özünü tam göstərə bilmirdi. "Qarabağ"ın onsuzda güclü olan heyətinə bu üç nəfər də böyük güc qatdı. Ona görə də, builki performansı həm beynəlxalq oyunlarda, həm də Premyer Liqada yüksək səviyyədə oldu.

- Deyəsən, hələ bir neçə il "Qarabağ"ın qarşısına çıxa biləcək rəqib tapılmayacaq. Bu fikirlə razısız?
- İndiki halda təhlil edəsi olsaq, məncə, "Qarabağ"ın Azərbaycan çempionatında yaxın 2-3 ildə qarşısını ala biləcək komanda hələ ki, görünmür. Futbolumuzda dəyişikliklər baş verdi. Təbii ki, "Qarabağ"la rəqabət aparan komandalarımızın sayı nə qədər çox olsa, bizim çempionatımız o qədər güclənəcək. Premyer Liqamız nə qədər güclü olsa, milli komandamız da o qədər güclü olacaq. Ümid edək ki, bunlar tezliklə baş verəcək.

- Bu yaxınlarda "Kəpəz"in baş məşqçisi Adil Şükürov "Qarabağ"la matçdan sonra belə fikir səsləndirib: "Azərbaycan klublarının futbolçuları "Qarabağ"la matçlarda onların futbolçularını sanki qoruyaraq oynayır". Sizcə də, belədir? 
- Mən fərqli düşünürəm. Mənə elə gəlir ki, ümumiyyətlə "Qarabağ"a qarşı hər bir komanda daha da güclü motivasiya ilə çıxır. Çünki rəqib olan komandaların məşqçiləri də özlərini sübut etmək üçün maksimum çalışırlar. Bir həftə qabaqdan oyun haqda düşünürlər ki, necə etsinlər, "Qarabağ"a qarşı yaxşı oynasınlar. Futbolçular da, həmçinin. Hər bir futbolçu üçün "Qarabağ"a qarşı oynamaq böyük stimuldur. Özlərini qiymətləndirmək, sübut etmək kimi işdir. Mən bu mövzuda fərqli düşünürəm. Mənə elə gəlir ki, komandalar "Qarabağ"a qarşı daha yaxşı oynamaq üçün hazırlaşırlar, özlərini yaxşı tərəfdən göstərmək üçün çalışırlar. Buna sübut kimi nəyi göstərə bilərik? Murad Musayev gedəndən sonra İqor Ponomaryov "Sabah"da baş məşqçi əvəzi olanda, komanda "Qarabağ"a qarşı həm kubok, həm çempionat matçında çox yaxşı oyun nümayiş etdirdi. "Qarabağ"a nə qədər qol vuruldu, gördük. Bir matçda "Qarabağ"a bu qədər qol vurmaq... Hər iki oyun da yüksək səviyyədə keçmişdi. Bu mənada əminəm ki, rəqiblər "Qarabağ"a qarşı daha istəkli, daha yaxşı hazırlaşırlar.

- Maraqlıdır ki, "Qarabağ" çempion olsa da, ciddiyyətini itirmir və yenə qələbələr qazanır. Ehtimal edirsiz ki, "Qarabağ" qarşıdakı 7 turun hamısında qalib gələcək və ölkə kubokunun da sahibi olacaq?
- Təbii ki, "Qarabağ" çempion olsa da, ciddiyyətini itirmir. Belə olması çox yaxşıdır, əsl komanda bu cür olmalıdır. Fərqi yoxdur, vaxtından əvvəl çempion olsalar da, hər oyuna yüksək motivasiya və qələbə əzmi ilə çıxırlar ki, qalib gəlsinlər. Mənə elə gəlir ki, "Qarabağ" meydana qələbə üçün çıxacaq və maksimumu edəcək. İstər kubokda, istərsə də, Azərbaycan çempionatında. Məncə, kubokun sahibi də elə "Qarabağ" olacaq.

writer photo
Əlirza Əlirzalı
0