Tələsirdi... Sanki hiss edirdi... – Tahir Süleymanov yazır
12.10.2022 - 16:16
Tələsirdi... Sanki hiss edirdi... – Tahir Süleymanov yazır

Elə insanlar var ki, heç vaxt unudulmur. Azərbaycan futbolunda Sakit Alıyev qısa ömründə ürəklərdə həmişəlik həkk olunub.

Müstəqillik illərimizdə Tovuz futbolunun əvəzolunmaz simalarından idi. Tək öz mövqeyində deyil, komandanın liderlərindən biri idi...
Qalıb ruhlu, barışmaz, sona kimi mübarizə aparan, hər oyunda canını yaşıl meydanlarda fəda edən, komandanı arxasınca aparan futbolçu... Bədən quruluşu, oyun tərzi öz dövrünün məşhurlarından Fernandesi xatırladırdı. İndi ölkə futbolunda belə oyunçular çox azdır...

Uzun illər yaşıl meydanlarda qarşılaşdıq sonra bildim, dünyaya bir il fərqlə eyni gündə - 22 dekabrda gəlmişik. Qarşılıqlı hörmət hər zaman ön sırada dururdu. Sakit Alıyev meydanda şəxsiyyət idi. Göstərdiyi oyunu, xarakterindəki xarizması ilə özünü qəbul etdirməyi bacarırdı...

Tələsirdi... Sanki hiss edirdi... Sonrakı həyatı adı kimi sakit keçməyəcəkdi... Bəlkə ona görə futboldan doymurdu, son futbolçu taqətinə, demək olar 40 yaşına kimi yaşıl meydanlara çıxdı...

Futbolçuluq ömründən sonra nə yaşadı ki...

Zaman keçdi, bir yerdə çalışmaq da qismətimizdə oldu. Meydanda çılğın xarakterli Sakit qardaşımızın həyatda necə alicənab, böyük-kiçik yeri bilməsi, mehribanlığı, işə yanaşması, intizamı nümunə idi. Karyerasını doğma "Turan"a həsr edən Sakit Alıyev komandanın baş məşqçisi də oldu.

Meydandakı barışmaz Sakit Alıyev həyatda da döyüşdü, sona kimi mübarizə apardı, təslim olmaq istəmirdi. Ağır xəstəlik amansız idi... Meydanda fiziki hazırlığı mükəmməl olan insan necə belə ağır xəstələnə bilərdi?! 

Yaradanın işinə heç kim qarışa bilməz!

Qısa həyat yaşadı Sakit Alıyev, çox qısa...Heç 50-ni haqlamadı... Futboldan sonra həyatın dadını hiss etmədi. Meydanda daimi qalib ruhlu futbolçunun həyat uğrunda döyüşü daha ağır oldu... Futbolda olduğu kimi əyilmədi, sınmadı, həyata mərd gəlmişdi, mərd də getdi...

Tovuzda Sakit Alıyev adına futbol məktəbinin açılması gözəl olardı. Belə futbolçular, şəxsiyyətlər daimi yaşadılmalı, gələcək nəsillərə nümunə göstərilməlidir. Sakit Alıyev xarakterli istedadların yetişməsi nəinki "Turan -Tovuz"un, ümumi Azərbaycan futbolunun xilası olar...

Ruhun şad olsun, Sakit!

Tahir Süleymanov
 

writer photo
Əlirza Əlirzalı
0