Vladimir Miçoviç: "Bojoviçə məsləhətim odur ki...” 
27.12.2023 - 20:21
Vladimir Miçoviç: "Bojoviçə məsləhətim odur ki...” 

"Bojoviç yaxşı və təcrübəli məşqçidir. O, mütləq "Neftçi"ni yuxarı səviyyəyə aparacaq, amma onun ilk ildən çempionluq yaşayacağını bilmirəm".

Bu sözləri apasport.az saytına açıqlamasında uzun illər "Neftçi"nin qapısını qorumuş serbiyalı sabiq qolkiper Vladimir Miçoviç deyib.
 
O, "Neftçi"nin hazırkı baş məşqçisi Miodraq Bojoviç barədə fikirlərini bildirib: " Ona vaxt versələr, "Neftçi" hər mövsüm "Qarabağ"la çempionluq mübarizəsində olacaq. Bunu əminliklə deyirəm. Miodraq Rusiya və Serbiyada uğurlar qazanıb. Ölkə kubokunu və ölkə çempionluğunu qazanan biridir. Bu cür nəticələri necə edə biləcəyini yaxşı bilir”. 

48 yaşlı veteran futbolçu çalışdırıcından bu mövsümkü gözləntilərini bölüşüb: “Bojoviç yaxşı, keyfiyyətli futbolçuları gətirərək komandanı nəticəyə oynatmağı çox gözəl bilir. O, bu mövsüm çempionatda minimum ikinci olmalı, ölkə kubokunu qazanmalıdır. Yeni mövsümdən isə çempionluğa oynamalıdır. Məncə, Bojoviç "ağ-qaralar"la bu nəticələri əldə edə biləcək. Ona uğurlar arzulayıram. Bojoviç "flaqman"da kimlərin və hansı mövqelərə oyunçu lazım olduğunu bilir. Fərqi yoxdur, yeni gələnlər serbiyalı, yoxsa başqa ölkədən olacaq. Ən vacibi ortaya yaxşı oyun qoyub, çempion olmaqdır. Bojoviçə məsləhətim odur ki, paltardəyişmə otağında intizam yaratsın və elə işləsin ki, onun işinə heç kim qarışmasın. Belə də, onda çox şey alınacağını düşünürəm". 
 
Qeyd edək ki, Miçoviç 2005-2010-cu illərdə "Neftçi"nin qapısını qoruyub. O, "ağ-qaralar"ın əsas komandasında qapıçı məşqçisi kimi də çalışıb.
 

writer photo
Əlirza Əlirzalı
0