Futbol mütəxəssisi Yunis Hüseynovun apasport.az saytına müsahibəsi
- Mövsümün ilk yarısı bitdi. Yekun vəziyyət barədə düşüncələriniz nədir? "Qarabağ"ın ilk yarını çempion başa vurması və autsayderlər haqda nə deyə bilərsiz?
- İlk yarıda ən yadda qalan hadisə Xankəndidə baş tutan "Qarabağ" – MOİK matçı oldu. Bu həm sevindirici hal idi, həm də maraqlı oyun keçdi. "Qarabağ"a gəlincə isə, düzdür, mövsüm başlayanda yaxşı çıxış etmirdi. Amma buna baxmayaraq, mən hesab edirəm ki, həm ölkə çempionu adını qazanacaq, həm də kuboka sahib olacaq. Çünki o komandada bu potensial var. Hətta belə davam etsə, çempionatın qurtarmasına 7-8 tur qalmış çempionluğunu təmin edəcək.
- "Neftçi"nin baş məşqçi postu üçün siyahıda yerli namizəd olmadığı bildirildi. Sizcə, yeni gələn əcnəbi mütəxəssis komandaya müsbət və ya mənfi nə qatacaq?
- Biz ömrümüzü "Neftçi"yə həsr etmişik, amma hələ də o komandanın nə istədiyini bilmirəm. 6 aydan bir məşqçi dəyişməklə çempionatda hansı yerləri tutmaq istəyirlər, mən bilmirəm. Adrian Mutu komandada heç nəyi ilə yadda qalmadı. İndi də ölkəsinə döndü. "Neftçi" elə bir komandadır ki, hər oyunçu, məşqçi götürəndə yüz ölçüb bir biçmək lazımdır. Bu məşqçi də digərləri kimi yeni transferlər istəyəcək. Yalnız transferlər olandan sonra "Neftçi"nin vəziyyətinin necə olacağını demək olar.
- Baş məşqçidən danışmışkən, millimizin baş məşqçi postu hələ də boşdur. Sizcə, niyə bu qədər uzanır?
- Milli komanda üçün baş məşqçini həqiqətən dərindən fikirləşmək lazımdır. Səhv qərar vermək olmaz. Amma bu məsələ bizim yox, federasiyanın işidir. 5 nəfərdən ibarət işçi qrupu yaradılıb. Yəqin ki, onlar bu yaxınlarda məsələyə aydınlıq gətirərlər.
- Bəs siz yerli, yoxsa əcnəbi mütəxəssis tərəfdarısız?
- Əlbəttə, mən həmişə fikrimdə qalıram ki, yerli məşqçi olmalıdır. Düşünürəm ki, yerli baş məşqçi futbolçuları həm yaxşı tanıyar, həm də psixologiyanı daha yaxşı anlayar.