Zaur Əzizov: "Emin qalmaq istəyir, Regekampfın gedişi müzakirə mövzusu deyil"
10.03.2023 - 14:48
Zaur Əzizov: "Emin  qalmaq istəyir, Regekampf ın gedişi müzakirə mövzusu deyil"

“Qış transfer pəncərəsindən sonra gələcəyə doğru nikbinik”. 

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin idman direktoru Zaur Əzizov deyib.

Klub rəsmisi “ağ-qaralar”ın televiziyasına müsahibə verib. Əzizov Bakı təmsilçisinin son bir ildəki transfer fəaliyyətini dəyərləndirib: “Yeni gələndə bir il ərzində ilk “transfer pəncərəsi”ndə komandamızın ciddi problemi yerli futbolçularla bağlı idi. Bu məsələdə kifayət qədər addımlar atılıb. Bir il əvvəlki ilə müqayisə etsək, durumumuz qənaətbəxşdir. Yayda istədiyimiz oyunçuları gətirə bildik. Təbii ki, bəziləri alınmadı. Məncə, qış “transfer pəncərəsi” pis keçirmədik. Keyfiyyət olaraq istədiyimiz oyunçuları gətirdik”.

Funksioner bildirib ki, “Neftçi”nin heyəti yayda tam komplektləşəcək: “Kəmiyyət olaraq, bəlkə də, gedənləri heyətdə saxlamaq planda ola bilərdi. Tam istədiyimizi həyata keçirdik? Xeyr. Bunun üçün münbit şərait də yaradılmalıdır. Planlarımızı yaya saxlamışıq. Yəqin ki, yayda komanda tam komplektləşəcək. Hazırda daha çox kəmiyyətlə bağlı problemimiz var. Keyfiyyətlə bağlı ciddi sual işarəsi yoxdur”.

O, qışda komandadan ayrılan futbolçulara bağlı da danışıb: "Mamadu Mbodjla planlaşdırdıq, danışdıq və pəncərə açılmamış yola saldıq. Yusuf Lavala gəldikdə, son 2-3 ay ailə üzvlərini Bakıya çağırmışdıq. Yeni müqavilə ilə bağlı danışıqları davam edirdik. Amma Lavalda “işığı” görə bilmədik. İdman rejimi və oyunu ilə bağlı məşqçimizin də tapşırıqları olurdu. Laval intizamlı insandır, tərbiyəlidir. Sanki missiyasını tamamlamış kimi görünürdü. Yeni müqavilə ilə bağlı danışıq və irəliləyiş də olmuşdu. Ciddi fikir ayrılığı yox idi. Son anda düşündük və baxdıq ki, artıq “Neftçi”yə fayda verə bilmir və yolları zamanında ayırsaq, daha yaxşı olar. Bugünkü gündə bizimlə olanların birlikdə avrokuboklarda köməyi önəmlidir. Lavalın müqaviləsi bitirdi. Qalıb-qalmayacağı sual altında idi. Bizi avrokubok baxımından qane etmirdi. Düşündük ki, yollarımızı ayıraq. Qodsvay Donyonun gedişi? İlk gəldiyi günləri xatırlayıram. Bakı ilə tanış oldu, deyirdi ki, Kopenhagendən daha yaxşı şəhərdir. Donyodan istədiyimizi ala bilmədik, o da verə bilmədi. Adaptasiyanı heç cürə keçə bilmədi. Futbolçunun səviyyəsi ilə bağlı hansısa şübhə yoxdur. Donyo Regekampfla müqavilə imzaladıqdan bir neçə gün sonra gələndə suallar yaranmışdı ki, məşqçi istədi, yoxsa klub? Klub rəhbərliyi, seleksiya və məşqçilər korpusundan ibarət “üçlük” var. Burada hansısa birinin müsbət rəyi olmadan, oyunçunu gətirmirik. Donyo ilə yolları ayırmağa qərar verəndə, son aylarda aşağı səviyyəli oyununa baxmayaraq, kifayət qədər klub bizə müraciət etdi. Ən sonda "Apollon"la razılaşdıq. İndi də 4 oyuna 3 qol vurub”. 

İdman direktorunun sözlərinə görə, qış transfer pəncərəsində istədikləri oyunçularla yayda yenidən danışıq aparacaqlar: “Çünki qışdan yaya qədərki performansı necə olacaq, həmin vaxt görünəcək və bəlkə fikirləri də dəyişdi. Yaxud, bizim tərəfdən imtina oldu. Şərtlər dəyişə bilir. Proses hər zaman yenilənir".

O bildirib ki, ötən yay heyətə 5 futbolçu qatmağı planlaşdırsalar da, son anda Sezar Meza Kollinin uzun müddətə sıradan çıxması planları dəyişib: “Normalda 1 hücumçu ilə kifayətlənəcəkdik. Sezarın da yerinə futbolçu axtarmağa başladıq. Ümid edirəm ki, növbəti yay transfer dönəmində belə problem yaşamarıq. Ciddi dəyişiklik deməzdim, amma heyətə qatacağımız futbolçular var. Məşqçilər korpusu ilə də danışıqlar olub. Dörd futbolçunu heyətimizə qata bilərik. Ancaq gedənlər də olacaq. Qarşımıza hədəf qoymuşuq ki, hər transfer pəncərəsində oyunçu dəyişikliklərini minimuma endirək. Büdcə də məhduddur. Ancaq vəziyyət iki xarici futbolçunun gətirilməsinə kifayət edirdi. Düşünürük ki, daha çox artımı yayda edəcəyik".

Əzizovun sözlərinə görə, hər klub üçün önəmli fiqurlar var: “Böyük klublarda da belədir. 2-3 futbolçu var ki, komandanın onurğa sütunudur. Ən böyük problemimiz odur ki, zədədir. Zədədən çox ciddi əziyyət çəkdik. Xatırlayıram ki, 11 nəfərlə məşq edirdik. Qış toplanışını da istədiyimiz kimi keçirə bilmədik. Ata Caber bizi məyus etdi. Dünəndən məşqlərə başlayıb və yaxın günlərdə komandaya qoşulacaq. Kəmiyyət baxımından əziyyət çəkirik. Əvəzetmələrdə də bunu görürük. İddialı klub üçün daha fərqli olmalıdır. Komandanın bir yerdə olması oyuna çox ciddi təsir edir. İşlər yaxşı getməyəndə, ətrafda hər bir insanın gedəcəyi ilə bağlı məlumatlar çoxalır. Burada qeyri-adi heç nə yoxdur. Amma klubda soruşursuzsa, hazırda Regekampfın ayrılığı müzakirəsi, söz-söhbəti yoxdur. Biz bilirik ki, ola biləcəyimiz ən yaxşı vəziyyətdə deyilik. Bununla bağlı müzakirələr gedir. Amma Regekampfın komandadan ayrılması müzakirə mövzusu deyil”.

İdman direktoru kapitan Emin Mahmudovu “Neftçi” üçün çox dəyərli futbolçu hesab etdiyini deyib: “Eyni zamanda həm o, həm də biz müqavilənin uzadılması ilə bağlı danışıq aparırıq. Hazırda ciddi fikir ayrılığı yoxdur. Heç kim düşünməsin ki, Emin başqa komanda axtarır. O, daha çox şəxsi həyatı ilə bağlı planları necə quracaq. Emin özü də demişdi ki, həmişə müqaviləm başa çatır, ondan sonra onu uzadıram. Emin heç bir klubla danışıq aparmır. Özü də, “Neftçi”də qalmaq istəyir”.

Qeyd edək ki, “Neftçi” qış transfer pəncərəsində legionerlər Kilan Lebon, Mateus Saldanya, yerli statusa malik Höccət Haqverdini heyətinə qatıb.

writer photo
Əlirza Əlirzalı
0