"Beşiktaş”da gözlənilməz vəziyyətlərlə qarşılaşdım”.
Apasport.az xəbər verir ki, "Beşiktaş"ın sabiq baş məşqçisi Burak Yılmaz deyib.
İstanbul təmsilçisini qısa müddət çalışdıran mütəxəssis klubda baş verənlərlə bağlı sərt açıqlamalar verib: “Şenol Günəşin gərgin və əsəbi davranışı, futbolçularla və bizimlə danışarkən seçdiyi ton məni çox təəccübləndirdi. Bu təcrübələri öz içimdə sirr kimi saxlayacağam. Ancaq mənim səlahiyyətimdə olan şeylər var: Pul məsələsinə gəlincə, cənab prezidentlə danışarkən "Beşiktaş"la belə bir mövzuya girməyəcəyimi dedim. Ancaq xahiş etdim ki, xorvatiyalı köməkçilərimə layiq olduqları maaş verilsin. Buradan onlara təşəkkür edirəm. Qısacası, "kaş ki gəlməyəydim" desəm də, "Beşiktaş"dan qaça bilməzdim".
Yılmaz həmçinin onun gedişinin planlı olduğuna vurğu edərək, bu hadisədən kədərləndiyini də gizlətməyib: "Klubun prezidenti Ahmet Nur Çebi ilə söhbəti bitirdikdən sonra klub binasından ayrıldım. Bu zaman öyrəndim ki, yeni baş məşqçi Rıza Çalımbay m'nim gedişimdən 5 dəqiqə sonra kluba gəlib. Yəqin ki, belə mənzərələrə öyrəşmək lazım imiş, bunu bilmirdim".
Qeyd edək ki, Yılmaz İstanbul klubunu cəmi 6 oyuna çıxardıqdan sonra istefa verib.