De Byazinin Konfrans Liqası ilə bağlı məyusluğu
24.05.2022 - 09:24
De Byazinin Konfrans Liqası ilə bağlı məyusluğu

“Konfrans Liqasının final matçının Tiranada keçirilməsi Albaniyanın belə mühüm idman hadisəsini öhdəsinə götürə biləcək ölkələr səviyyəsində olduğuna sübutdur”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi sabah keçiriləcək Konfrans Liqasının final oyunu barədə danışarkən deyib.

“Roma” ilə “Feyenoord” arasında keçiriləcək həlledici qarşılaşma barədə Albaniya mətbuatına danışan çalışdırıcı bildirib ki, Konfrans Liqası UEFA-nın təşkil etdiyi üçüncü dərəcəli turnir olsa da, yüksək qiymətləndirilir: “İki güclü komanda üz-üzə gələcək. “Roma” böyük komandadır, lakin “Feyenoord”un da keyfiyyəti və tarixi var”.

İtaliyalı mütəxəssis həlledici qarşılaşma üçün Albaniyaya yollanmayacağını söyləyib: “Təəssüf ki, oyunu tribunadan izləyə bilməyəcəyəm. Çünki mayın 24-də Azərbaycan millisinin təlim-məşq toplanışı başlayır. Hətta tarixlə bağlı səhv hesablama aparmışdım. İki ay əvvələ qədər gələcəyimə əmin idim. Amma təqvimi görəndə təbii ki, bir az məyus oldum”.

66 yaşlı çalışdırıcı həlledici görüşdə “Roma”ya azarkeşlik edəcəyini bildirib: “Roma”nın qalib gəlməsini istəyirəm. Ancaq bu, balanslaşdırılmış oyun olacaq. Dəqiq olan odur ki, albanlar “Roma”ya azarkeşlik edəcəklər. Onlar finalı Tiranada keçirdikləri üçün Joze Mourinyo şanslıdır. Albaniyalıların İtaliyaya xüsusi simpatiyası var. Bunu illərdir bilirəm, çünki yaşamışam.

Qeyd edək ki, sabah keçiriləcək “Roma” – “Feyenoord” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
 

writer photo
Əlirza Əlirzalı
0