Messi: “İstənilən detal DÇ-2022-dən kənarlaşdıra bilər”
12.11.2022 - 12:48
Messi: “İstənilən detal DÇ-2022-dən kənarlaşdıra bilər”

“İndidən pley-off haqda düşünmək səhvdir. Turnirə düzgün başlamaq olduqca vacibdir. İlk üç xalı toplasaq, bu sizə növbəti addım üçün rahatlıq və inam verəcək”.

Apasport.az saytının məlumatına görə, bunu Argentina millisinin kapitanı Lionel Messi DÇ-2022 barədə danışarkən deyib.

35 yaşlı superulduz DÇ-2018-i misal göstərərək, mundiallarda sürprizlərin çox olduğuna işarə vurub: “Tez-tez deyirik ki, belə olacaq, bunu edəcəyik, amma sonda başqa cür nəticələnir. Son dünya çempionatında qrupdan çıxmışdıq, 1/8 finaldan irəli getmək barədə düşünürdük. Ancaq sonda hər şey başqa cür oldu. Dünya çempionatı kimi turnirdə tez-tez gözlənilməz hadisələr baş verir. İstənilən detal sizi turnirdən kənarlaşdıra bilər”.

Leo DÇ-2014-də finala qədər irəliləyən komanda ilə hazırkının oxşar cəhətlərinin olduğunu söyləyib: “Özümüzü başqalarının düşündüklərindən təcrid etməliyik. Realistik və yaxşı vaxt keçirdiyimizi başa düşürük. Hazırkı komanda ilə DÇ-2014-dəki heyət arasında çoxlu bənzərlik hiss edirəm. Ancaq unutmamalıyıq ki, dünya çempionatı çox tələbkar turnirdir”.

Qeyd edək ki, Qətərdə keçiriləcək dünya çempionatı noyabrın 20-də start götürəcək. Argentina yığması yer aldığı C qrupunda ilk oyununu noyabrın 22-də Səudiyyə Ərəbistanına qarşı keçirəcək.

writer photo
Əlirza Əlirzalı
0