“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqasında bu mövsüm çempionluq uğrunda mübarizədə əsas rəqiblərini açıqlayıb.
Apasport.az saytının məlumatına görə, ispaniyalı mütəxəssis 6 komandanı fərqləndirib.
Qvardiolanın fikrincə, əsas favorit hazırkı lider “Arsenal”dır: “Arsenal”ı əsas rəqib adlandırardım. Çünki onlar indi birinci yerdədirlər. İki turdan sonra cədvələ baxarıq. Digər iddiaçılar isə “Mançester Yunayted”, “Çelsi”, “Liverpul”, “Nyukasl” və “Tottenhem”dir”.
Qvardiola vaxtilə “Barselona”da rəhbərliyi altında çıxış edən Zlatan İbrahimoviçin onun barədə səsləndirdiyi fikirlərə də münasibət bildirib. Hazırda “Milan”da çıxış edən isveçli bildirib ki, mütəxəssis eqosuna görə futbolçuların güclənməsini istəmir və bu, Erlinq Halanda problem yaradacaq.
Qvardiola isə Zlatanın fikrinə ironiya ilə cavab verərək onu lağa qoyub: İbrahimoviç haqlıdır, bu komandada mənim eqom hamıdan yüksəkdir. Halandın ona bütün şanslar yaradıldığı halda bir oyunda üç qol vurması xoşuma gəlmir. Ona çox paxıllıq edirəm. Düzünü desəm, qısqanıram. Hətta Erlinqə dedim ki, xahiş edirəm, bir daha qol vurma, yoxsa qəzetlər məndən yox, səndən yazacaqlar”.
Qeyd edək ki, “Mançester Siti” hazırda 29 xalla Premyer Liqada 2-ci pillədə qərarlaşır və lider “Arsenal”dan 2 xal geri qalır.