Türkiyə millisinin baş məşqçisi postuna namizədlər bəlli olub.
Apasport.az saytı xəbər verir ki, siyahıda yerli mütəxəssislə yanaşı, əcnəbilər də yer alır.
Alman mütəxəssis Ştefan Kuntzun istefasından sonra komandaya müvəqqəti olaraq Kənan Koçak rəhbərlik edir. Hətta türk məşqçi komandanı oktyabrda Xorvatiya ilə keçiriləcək AVRO-2024-ün seçmə mərhələsinin növbəti oyununa çıxara bilər.
Hazırda bu posta iddia edən yerli məşqçilər arasında Abdullah Avcı əsas favoritdir. “Trabzonspor” komandası ilə yolları ayırdıqdan sonra işsiz olan 60 yaşlı mütəxəssis təklif olacağı halda hazır olduğunu deyib.
Əcnəbilərdən isə “ay-ulduzlu” yığmanı çalışdırmağa namizəd Yoahim Lövdür. 2006-2021-ci illərdə Almaniya millisində çalışmış Löv də heç bir komandada işləmir.