“Mançester Siti”də xoşbəxtəm. Klubda futbolçulara yaradılan şəraitdən tam razıyam”.
Apasport.az xəbər verir ki, “Mançester Siti”nin hücumçusu Xulian Alvares komandadan getməsiylə bağlı sualı cavablandırıb.
Argentina millisinin də şərəfini qoruyan 23 yaşlı forvard Mançesterdəki həyatından razıdır: “Mən də mətbuatda tez-tez “Real” və ya “Barselona”ya gedəcəyimlə bağlı xəbərləri oxuyuram. Ancaq düzünə qalsa, hazırkı komandamda özümü çox xoşbəxt hiss edirəm. Bir ildən bir az artıqdır ki, klubdayam. Yaradılan şərait, komandanın çıxışı və özümü burada əla hiss etməyim İngiltərəni tərk etmək üçün tələsməmək lazım olduğunu göstərir. Gələcəkdə La Liqada oynamaq haqda düşünmək olar. Ancaq bu gün buna ehtiyac görmürəm”.
Qeyd edək ki, bu mövsüm 26 matçda forma geyinən Alvares aktivinə 10 qol və 9 məhsuldar ötürmə yazdırıb.