Azərbaycanda daha bir klub fəaliyyətini bərpa edib.
Apasport.az saytının məlumatına görə, Bakının “Şəfa” klubu 18 illik fasilədən sonra yenidən fəaliyyət göstərəcək.
18 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması kimi ölkə çempionatına qatılan, sonradan müstəqil klub kimi fəaliyyətə başlayan “Şəfa”nın əsası 1997-ci ildə qoyulub. Güclülər dəstəsində 8 mövsüm keçirən komanda 2001-ci ildə ölkə kuboku başı üzərinə qaldırıb. 2001/02 mövsümündə UEFA kubokunda debüt edən klub fəaliyyəti boyu AFFA-nın komandası kimi tanınıb.
2003-cü ilin sonunda assosiasiya rəhbərliyində baş verən dəyişikliklərdən sonra çətinliklərlə üzləşən klub 2004/05 mövsümünü sona çatdıra bilməyib. Komanda ilk dövrədən sonra fəaliyyətini dayandırıb və 2005-ci ildə meydana çıxa bilməyib.
Qeyd edək ki, indiki “ASK Arena”nın “Şəfa” adlandığı illərdə burada məskunlaşan klub əksər futbolçularımızın yetişməsində böyük pay sahibi olub.