
AFFA-nın XXXIII Hesabat Konfransı keçirilib.
Apasport.az xəbər verir ki, qurum rəhbərliyinin mətbuat konfransı baş tutub.
AFFA-nın prezidenti Rövşən Nəcəf jurnalistlərin suallarını cavablandırıb.
- Bir il ərzində gördüyünüz işlərdən razısız?
- Əldə olunan nəticələr böyükdür. Amma daha çoxunu istəyərdik.
- Kadr islahatları etmək istəyirsiz. Bu idarəetmə ilə bağlıdır?
- Futbolu inkişaf etdirmık istəyiriksə, böyük işlər görməliyik. Bizə kadr islahatları deyərkən kiminsə vəzifəyə gəlib, getməsi lazım deyil. Peşəkar kadrların inkişaf etdirilməsi üzərində işləməliyik. Təlimçi, psixoloq, həkim, hamısı olmalıdır. Bütün sahələrdə kadrların yetişdirilməsi üzərində işləməliyik. İstənilən hədəflərə çatmaqda lazım olan əməkdaşlara qapımız açıqdır. AFFA-da da təbii prosesdir, kimsə gəlir, kimsə gedir. Kütləvi ixtisarlar kimi hədəf yoxdur. Yolumuzda irəliləyərkən lazım olan əməkdaşları cəlb edəcəyik.
- Uşaq futbolu ən böyük problemlərimizdir. Süni örtükdə zədələr çox olur. Qlobal problemi həll etmək üçün böyük vəsait lazımdır. Bu yöndə hansısa işlərə başlanılıb?
- Bəli, uşaq futbolu, regionlarda futbolun inkişafı, süni meydançların təbii örtüklərlə əvəzolunması lazımdır. Bunun üçün külli miqdarda vəsait lazımdır. Yalnız AFFA-nın vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulmur. Özəl sponsorun futbola cəlb edilməsi istiqamətində işlər aparılır. AFFA-nın hesabına istədiyimiz işləri həyata keçirmək çətin olacaq.
- "Karvan" və "İmişli" də Bakıya sığınsalar, vəziyyət necə olacaq?
- I Liqadan yüksələn klublara bir il möhlət verilməsi qərara alınıb. Hələ yarış başa çatmayıb. Klubların adlarını çəkmək istəməzdim. Premyer Liqadakı klublarla da danışırıq ki, infrastruktur standartlara cavab versin. Çox istəyərdik və məqsədimiz odur ki, region klubları öz bölgələrində futbol oynasınlar. Bu, həm uşaq futboluna dəstək olacaq, həm də azarkeşlər üçün maraqlıdır. "Turan Tovuz"da görülən işləri nümunə göstərmək olar. Bura öz vəsaiti ilə gələn özəl investerlor var. Vəzifəmiz onlara müvafiq şəraiti yaratmaqdır. Futbolumuza töhvə vermək istəyənlərə zəruri şəraiti yaratmaq əsas işimizdir.
- Legioner limiti ləğv olunduqdan sonra millinin nəticələrinin daha pis olacağına dair narahatçılıq var...
- Bu, yerli oyunçuların keyfiyyətinin yüksəlməsinə kömək olacaq. Əgər yerlilər legionerlərə rəqabətdə uduzacaqlarsa, 4-cü komandalarda əsas heyətə düşə bilməyən yerlilərlə millidə hansı uğura imza ata bilərik? Bu qərarın bizi yuxarılara aparacağına inanırıq. Uğuru necə təsvir etməyimizdən çox şey asılıdır. Seçmə mərhələdə 3-5-ci yerlər uğurdur? Biz bunu istəmirik. İstəyirik ki, millimiz mötəbər turnirlərin finallarında oynasın. Düşünmürəm ki, əvvəlki dövrlərdə də uğur adlandıracağımız nəticələr var idi.
- Uğursuzluqlar davam edərsə, Fernandu Santuşun müqaviləsi ilə bağlı qərar veriləcək?
- Son iki matçda heyətimizdə ardıcıl olaraq 4 və 2 milliləşdirilmiş oyunçu var idi. Əvvəllər həmin say 7 idi. Rəqabətli gənc komanda qurmaq çətin prosesdir. Amma edilməlidir.
Santuşla müzakirəmiz oldu. Qısa müddətdə daha ürəkaçan nəticələrin olması haqda müzakirələr apardıq. İyunda yoldaşlıq oyunlarımız var. Biz yalnız nəticələrə yox, onun üçün yeniliklərə, yanaşmaya diqqət yetirməliyik. Təklif edirəm ki, iyunda media səhərdən axşama qədər komandanın necə hazırlaşdığını görmək üçün məşqlərdə iştirakçı olsun. Məşqçini yalnız oyunun nəticəsinə görə qiymətləndiririk. Amma onun oyuna, məşqə yanaşmasını görsünlər. Mediadan dəstək istəyirik, təkliflərlə çıxış etsinlər. Santuş ilk dəfə millinin oyunçularını canlı olaraq elan etməyə başladı.
- Klublar hakimlikdən narazıdırlar. Frank De Belekerin fəaliyyətindən razısız?
- Ekosistemin inkişafına ehtiyac var. Narazılıqlar mövcuddur. Bu sahədə daha çox işlər görməliyik. De Belekerin fəaliyyətinə gəldikdə, ən aparıcı sistemə uyğun olaraq bütün sistemi qururlar, hakimlərlə görüşürlər, təhlillər aparırlar, ən yaxşı ekspertləri cəlb edirlər. Amma yenə də səhvlər var. FIFA lisenziyalı yalnız 2 hakimimiz var, bu sayı 4-ə yüksəltmək istəyirik. İşlər aparılır. Hakimliyə həvəs, maraq göstərənlər azdır. İstəyərdik ki, hakimlər bütün matçlarda xətasız olsun. Təəssüf ki, bu, mümkün deyil. Nail ola biləcəyimiz nəticə belə xətaların minimuma endirilməsi və qərəzin olmamasıdır. Qərəz yoxdursa, səhvlərin təkrarlanmaması üçün işlər aparılmalıdır.
- İcraiyyə Komitəsinin iclasından sonra AFFA-nın heç bir rəsmisi açıqlama vermir. Niyə AFFA mətbuatdan kənar qaçır?
- Razı deyiləm. Sərxan müəllim və Cahangir müəllim media önünə çıxırlar. Belə təəssürat yaranırsa, demək ki, nəyisə kifayət qədər etmirik. Media ilə görüşləri plana salarıq. Baş məşqçi də media ilə əlaqədə olur. Belə təəssürat varsa, nəyisə düzgün etmirik. Bu istiqamətdə işləyərik.
- Futbolçuların hərbi xidmət məsələsi necə həll oluna bilər? "Dinamo" AFFA-ya müraciət edib, aamma AFFA susur... Onlara maddi, texniki dəstəyin verilməsi nəzərdə tutulub?
- Azərbaycan Respublikasında səfərbərliklə bağlı qanunlar var. Biz aidiyyatı qurumlarla müzakirələr aparırıq. Ümid edirik ki, burada da müsbət nəticə əldə edərik. Bu, AFFA-nın səlahiyyəti çərçivəsində deyil. Klublar bizə müraciət edir, biz də aidiyyatı qurumlarla əlaqəyə keçirik.
- "Barselona"nın Bakıda akademiya açmaq istəyi var. AFFA-nın burda rolu var?
- Layihəyə başlamadan əvvəl "Barselona"nın prezidenti Joan Laporta Bakıya iki dəfə səfər edib. Burda nə etmək lazım olduğunu müzakirə etdik. Hazırda layihənin icrasına başlamaq üçün son detallar klub tərəfindən dəqiqləşdirilir. Əsas hədəf bu klubun akademiya təcrübəsini burda reallaşdırmaqdır. Özəl partnyorların Azərbaycan futboluna töhvə verməsi üçün zəruri şəraitin yaradılmasına hazırıq. Nə qədər yaxşı təkliflər olarsa, qapımız hamıya açıqdır.
- Azərbaycab futbolunda problemlər var. Bunların fonunda millinin baş məşqçisinin əcnəbi olmasına ehtiyac var?
- Məşqçi seçimində milliyətdən çox, həmin zamanda töhvə verə biləcək təcrübə, bilik nəzərə alınır. Ayxan müəllimlə müqavilə imzalanamda onunla danışdıq və bildik ki, klub və millidəki fəaliyyətini ayırıb, tənzimləyə biləcək. Məhdudiyyət yoxdur ki, məşqçi yerli, ya da xarici olmalıdır. Çox istəyərdik ki, azərbaycanlı mütəxəssislər, hakimlər, məşqçilər, idman tibb sahəsindəki peşəkarlarımızı daha çox cəlb edək, onları yetişdirək, futbolumuzun inkişafına töhvə verəcək insanlara şərait yaradaq.
- UEFA ilə münasibətlərimiz necədir? Orda nümayəndəmiz yoxdur... "Qarabağ"ın sabiq mətbuat katibi Nurlan İbrahimov müharibə dövründə yazdığı statusa görə ömürlük cəza aldı. Nurlanın məsələsini bir daha gündəmə gətirmək, UEFA ilə bir daha danışmaq mümkündür?
- Həm UEFA, həm də FIFA ilə sıx əməkdaşlıq edirik. Çox gözəl münasibətlər var. Bütün beynəxalq təşkilatlarda azərbaycanlıların olmasını istəyərdik. Amma müəyyən prosedurlar var. FIFA-da Elxan Məmmədov çox məsul vəzifədə çalışır. Yerlilərimizin mötəbər təşkilatlarda çalışmasına sevinirik, dəstəkləyirik. Daha çox peşəkar yetişdirməliyik ki, onların beynəlxalq qurumlarda vəzifələrə keçmələri ilə uğur əldə edək.
UEFA-nın standartlarına, kodeksinə uyğun qərar qəbul edilib. "Qarabağ"dakı həmkarlarla da danışmışıq. Yenə də qərar sahibi UEFA-dır. Hər bir qurumun öz qaydaları, prinsipləri var. Həmin nizamnamədə tədbirlər nəzərdə tutulub, bir şəxsə görə qərarı dəyişəcəklərini düşünmürəm. Amma yenə də baxarıq.
- Növbəti mövsümdə klublara maliyyə yardımı artırılacaq?
- Vəsait yalnız federasiyadan gəlməməlidir. Çalışmalıyıq ki, daha çox sponsorlar cəlb edək. Futbolun dayanıqlılığı maliyəyyə dayanır. tək sponsor hesabına futbolu inkişaf etdirmək mümkün deyil.
Bununla bağlı İcraiyyə Komitəsində iclas olacaq. Ümumi məbləğin artırılması düşünülmür. Klub sayı artırsa, vəsait azalır. Vəsaiti özləri daha çox cəlb etməyi öyrənməlidirlər.
- Qurban Qurbanov AFFA-nın iclaslarında iştirak etmir. Arada soyuqluq var? O, İK ilə bağlı sualları da cavablandırmır...
- Hansısa problem yoxdur. O, İK-nin iclasına qatılır. Münasibətimiz yaxşıdır. Hansısa soyuqluqdan söhbət getmir. Özündən də soruşa bilərsiz. İclaslarda iştirak etmədiyi təqdirdə də, Qurban müəllim də, digər həmkarlar da məlumat verirlər. Hamının öz planı var. Üzrlü səbəblərlə bağlı məlumat verilir.