“Nuray Əbilovanın yaşında bir çox insan peşəkar səviyyədə yarışlarda iştirak edə bilmir”.
Bu sözləri apasport.az-ın Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi oyunlarına ezam olunan əməkdaşına türkiyəli ağırlıqqaldıran Qamze Altun deyib.
Qamze Altun Azərbaycanın 15 yaşlı ağırlıqqaldıranı Nuray Əbilova ilə rəqabətdən və çempionluğundan bəhs edib:
"Həqiqətən çox xoşbəxtəm. İlk dəfə İslamiadada iştirak etdim və 3 qızıl medal qazandım. Azərbaycanlı rəqibimlə mübarizə apardığım üçün çox sevincliyəm. Hər ikimiz medal qazandıq. Nuray gənc olsa da, gələcək üçün böyük vəd verən idmançılardandır. Onun yaşında bir çox insan peşəkar səviyyədə yarışlarda iştirak edə bilmir. Əminəm ki, gələcəkdə böyük uğurlar əldə edəcək".
Türkiyəli çempion Ermənistanda qazandıqları çempionluğu Azərbaycana həsr etdiklərini xatırladıb:
"Biz komanda yoldaşımla birgə Ermənistanda keçirilən Avropa çempionatında medal qazanmışdıq və həmin medalı Azərbaycana həsr etmişdik. Daha sonra Cənab Prezident İlham Əliyev bizi Azərbaycana dəvət etmişdi. Bizim yarışımızdan bir gün əvvəl Azərbaycan bayrağı yandırılmışdı və buna görə milli komandanız yarışda iştirak etməmişdi. Bu səbəbdən biz də belə bir jest etmək qərarına gəlmişdik".
Qeyd edək ki, Qamze Altun İslamidada 48 kq çəki dərəcəsində 3 qızıl medal qazanıb. Təmsilçimiz Nuray Əbilova isə yarışı 3 bürünc medalla başa vurub.