“Azərbaycan millisinin müdafiəsini yarmaq çox çətin idi” – “Zirə”nin sabiq futbolçusu
11.10.2020 - 00:00
“Azərbaycan millisinin müdafiəsini yarmaq çox çətin idi” – “Zirə”nin sabiq futbolçusu

“Düzünü deyim ki, millidə belə start gözləmirdim. Amma Allah məni məşqlərdə və klubumdakı əməyimə, səylərimə görə mükafatlandırdı”.
 
Apasport.az saytının məlumatına görə, bunu Monteneqro milli komandasının futbolçusu İqor İvanoviç deyib.
 
2015/16 mövsümündə Bakının “Zirə” klubunda çıxış etmiş 30 yaşlı yarımmüdafiəçi Millətlər Liqasının Azərbaycanla oyununda (2:0) komandasının ikinci qoluna imza atıb. Bu, həm də İvanın yığmada 2-ci oyunda 2-ci qolu olub. Millidə bu ay debüt edən İqor əvvəl yoxlama oyununda Latviyanın, bu dəfə millimizin qapısına yol tapıb: “Azərbaycanla matçdakı qol şübhəsiz ki, daha vacib idi. Biz fiziki cəhətdən güclü komanda üzərində önəmli qələbə qazandıq. Onların müdafiəsini yarmaq çox çətin idi. Amma bizə erkən qol vurmaq müyəssər oldu. Sonradan mən də qol vurdum və görüşü sonluğa daşıdıq”.
 
Hazırda “Buduçnost”da oynayan futbolçu Lüksemburqla oktyabrın 13-dəki matça da toxunub: “Əgər qalib gəlsək, 99 faiz qrupda 1-ci yeri tutacağıq. Lüksemburq keyfiyyətli komandadır. Bu onlarla ötən aydakı matçda da görünürdü. Onlar bizə çox problem yaratmışdı. Biz həmin matça bütün qarşılaşmalarda olduğu kimi çıxacağıq. Ümid edirəm ki, yenə istədiyimiz nəticəni əldə edəcəyik. Lüksemburqla görüşdə mənim, ya başqasının qol vurması vacib deyil. Sadəcə qarşılaşmada qalib gəlməliyik”.
 

0
Zirə Monteneqro İqor İvanoviç