“De Byazi gözləsin, birinci yerlə dünya çempionatına yollanacağıq” – yığmamızın sabiq futbolçusu
15.01.2021 - 15:55
“De Byazi gözləsin, birinci yerlə dünya çempionatına yollanacağıq” – yığmamızın sabiq futbolçusu

“Canni de Byazi Millətlər Liqasını ciddi turnir qəbul eləmir. Gözləsin, seçmə mərhələdən birinci yerlə dünya çempionatına yollanacağıq”.

Bunu apasport.az saytına Azərbaycan millisinin sabiq futbolçusu Samir Ələkbərov yığmanın DÇ-2022-nin seçmə qrup mərhələsindəki şansları barədə danışarkən deyib.

Millətlər Liqasındakı uğursuz çıxışdan sonra seçmə mərhələdə də komandadan heç nə gözləmədiyini söyləyən futbol veteranı yığmanın baş məşqçisi Canni de Byazini sərt şəkildə tənqid edib: “Baş məşqçi demişdi ki, Millətlər Liqası bizim üçün sınaq müddətidir. Bu turnir ona görə yaradılıb ki, bizim kimi zəif komandalar oradan dünya və ya Avropa çempionatına çıxa bilsin. Əksər komandalar bizə dırnaqarası baxır, biz nəyə arxalanıb ciddi qəbul etmirik, başa düşmürəm. A, B liqasındakı yığmalar dırnaqarası yanaşa bilər, amma UEFA bunu bizə kömək üçün yaradıb. Millətlər Liqasında heç nə edə bilməyən komanda indi Portuqaliyanı, Serbiyanı qabaqlayacaq? Camaatı nə vaxta qədər aldatmaq, ələ salmaq olar? Çox sadəlövhük, dərhal belə yalanlara inanırıq. İldən-ilə şans daha da çətinləşəcək. Məsələn, B liqasından aşağı düşənlər oldu. Bu o deməkdir ki, növbəti mövsümdə də heç cür şansımız olmayacaq”.

53 yaşlı mütəxəssis italiyalı çalışdırıcının “Roma”nın ermənistanlı futbolçusu Henrik Mxitaryanı tərifləməsinə də münasibət bildirib: “İtaliya dövləti Vətən müharibəsi günlərində bizi dəstəkləyirdi. Buna görə, onlara təşəkkür edirəm. Amma de Byazinin indiki məqamda ermənini tərifləməsi qəbuledilməzdir. Təxribatçı sual da ola bilər. Ancaq ən azı təcrübəli insandır, bu fikirlərin Azərbaycanda birmənalı qarşılanmayacağını nəzərə almalı idi. Axı sən buranın çörəyini yeyirsən. Bizim futbolumuzun çörəyini kimlər yeməyib ki? Foqtsundan tutmuş Prosineçkisinə qədər. Hətta Aprel döyüşləri zamanı Prosineçki ailəsini də götürüb qaçmışdı. Biz isə ondan yapışmışdıq ki, Prosineçki Azərbaycan futbolunu dirçəldəcək”.

Qeyd edək ki, Azərbaycan millisi DÇ-2022-nin seçmə qrup mərhələsində Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla mübarizə aparacaq.