
"Qələbə qazanmaq istəyirdik. Bizim real qol şansımız onlardan çox oldu".
Apasport.az saytının məlumatına görə, bunu futzal üzrə Azərbaycan millisinin üzvü Bolinya deyib.
33 yaşlı oyunçu DÇ-2020-nin seçmə mərhələsinin elit-raundunun Xorvatiya ilə ilk oyununa münasibət bildirib. Bolinya 0:2 hesabı ilə məğlub olduqları qarşılaşmada buna layiq olmadıqlarını söyləyib: “Oyuna yaxşı başladıq. Hesab açılana qədər 2-3 epizod yarada bildik. Hətta qapı dirəyini də tuş aldıq. Nə edək ki, top qapı xəttini keçmək istəmədi. Adından da göründüyü kimi, bu, futzaldır”.
Yığmamızın üzvü sarı vərəqə cəzalısı olduğundan II tur çərçivəsində Rusiya ilə bu gün keçiriləcək oyunu buraxmalı olacaq. Bolinya həmin epizodda hakimin sərt qərar verdiyini düşünür: “Açığı, çox yüngül epizod idi. Orada mübarizə gedirdi. Bilərəkdən qapıçıya toxunmadım. Məncə, sarı vərəqəlik epizod deyildi. Amma nə edək, meydan sahiblərinə qarşı oynayırdıq və hakimlərin simpatiyasının qurbanı olduq. Oynamasam da, komanda yoldaşlarıma uğurlar arzulayıram. Uğur qazanacağımıza inanıram”.
Milliləşdirilmiş futzalçı Rusiya ilə matçın da çətin keçəcəyini qeyd edib: “Hələ heç nə həll olunmayıb. Şansımız var, amma etiraf edək ki, Rusiya millisi də çox güclüdür”.