"Kaysar"ın təklifini deyil, “Qarabağ”la oyunu düşünür – Ruslan Qurbanov
14.12.2019 - 11:08
"Kaysar"ın təklifini deyil, “Qarabağ”la oyunu düşünür – Ruslan Qurbanov

"Gələcək karyeramla bağlı dəqiq nəsə bilməyəcəm. Çünki "Keşlə" ilə müqaviləm var". 

Bunu apasport.az saytına "Keşlə"nin futbolçusu Ruslan Qurbanov deyib. 

28 yaşlı forvard karyerasını Qazaxıstanın "Kaysar" klubunda davam etdirə bilər. Asiya təmsilçisindən təklif aldığını etiraf edən milli üzvünün bu komandaya keçib-keçməyəcəyi hələ ki, sual altındadır. O bildirib ki, diqqətini “Keşlə”nin növbəti matçına yönəldib: "Bəli, təklif almışam. Amma "Keşlə"də hər şey məni qane edir. Hazırkı klubumla müqaviləm maya kimi qüvvədədir. Ona görə də hazırda yalnız "Qarabağ"a qarşı keçirəcəyimiz kubok oyunları haqda fikirləşirəm".

Ruslan Qazaxıstanda oynamağın əleyhinə olmadığını da sözlərinə əlavə edib: "Qazaxıstan klublarında oynayan dostlarım var. Çempionatın səviyyəsi yaxşıdır, klublar arasında rəqabət kifayət qədər güclüdür. Sabah necə olacağını deyə bilmərəm, amma dediyim kimi indi bütün fikrimi öz klubumdakı çıxışıma yönəltmişəm".

Qeyd edək ki, “Keşlə” Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “Qarabağ”la ilk oyununu dekabrın 16-da keçirəcək. 
 

0
Ruslan Qurbanov Keşlə Kaysar