“Transfer məsələsi çox çətindir. Hər klubun özünün strategiyası var”.
Bunu apasport.a saytına açıqlamasında futbol veteranı Tərlan Əhmədov deyib.
Premyer Liqa klublarının transfer çalışmalarını dəyərləndirən “Neftçi” və “Keşlə”nin sabiq baş məşqçisi üzə çıxan problemlərdən danışıb. O, avrokuboklarda ölkəmizi təmsil edən komandaların da bu prosesdə gecikdiyini düşünür: “Neftçi” Çempionlar Liqasının təsnifat mərhələsində iştirak etdiyi üçün tez bir zamanda transferlər etməyə məcburdur. Həmçinin Konfrans Liqasında çıxış edən “Qarabağ”, “Keşlə” və “Sumqayıt” da bu məsələni gündəmdə saxlayırlar. Avrokubok matçları zamanı problem yaşanmaması üçün heyətlərini indidən gücləndirməlidirlər. Avqustda başlayacaq çempionata hazırlaşan digər klublar tələsmirlər, onların vaxtı var. Ancaq istənilən halda düşünürəm ki, klublarımızın transfer çalışmaları ləng gedir, gecikirlər. Bu məsələlər artıq ötən mövsümün gedişində həllini tapmalı idi. İndiki məqamda isə planlaşdırılan transferlər reallaşmalı idi. Yalnız 1-2 transfer məsələsini indiyə saxlamaq olardı. O da daha yaxşı oyunçu gətirmək üçün”.
50 yaşlı mütəxəssis keyfiyyətli əcnəbi futbolçuların ölkəmizə gəlməyə müsbət yanaşmadıqlarını vurğulayıb: “Klubların transfer məsələsini bitirdiklərini demək olmaz. Çünki hələ ortada bir şey yoxdur. Bilirik ki, Azərbaycana gəlmək istəyən əcnəbi futbolçu azdır. Daha çox pul istəyirlər, çempionatda klub sayının az olmasını səbəb kimi göstərirlər. Klublar da bu sarıdan problem yaşayırlar. Bir daha deməliyəm ki, klublarımız transfer məsələlərində çox da fəal deyillər”.