
“Baş məşqçi postu boşaldıqdan sonra həm azarkeşlər, həm də rəhbərliyin bir namizədi var idi. Bu, Robert Prosineçki idi”.
Apasport.az saytının məlumatına görə, bunu Türkiyənin “Kayserispor” klubunun prezidenti Berna Gözbaşı deyib.
Xanım funksioner Super Liqa təmsilçisinin baş məşqçi postuna Robert Prosineçkinin gətirilməsindən danışıb. Gözbaşı bildirib ki, Azərbaycan millisinin çalışdırıcısı vəzifəsinə qayıtmağa namizədlərdən olan xorvatiyalı üçün digər komandalarla mübarizə aparıblar.
Klub prezidentinin sözlərinə görə R.Prosineçkiyə olan digər təkliflər 4-5 qat artıq maaş vəd etsə də, xorvatiyalı Kayseri təmsilçisinə üstünlük verib: “Biz bunu istədik. Lakin bunu Prosineçkiyə də bildirmək lazım idi. İdman direktorumuzu dərhal Zaqrebə göndərdik. Özüm də mütəxəssislə əlaqə saxladım. İşlərimlə əlaqədar Zaqrebdə də tanışlarım var ki, onları da bu məsələ ilə bağlı səfərbər etdim. Prosineçki ilə danışaraq dedim ki, bunu əvvəl də bacarmısansa yenə öhdəsindən gələrsən. Ona ehtiyacım olduğunu da dedim. Maliyyə baxımından 4-5 qat çox təkliflər olsa da, Prosineçki lazımi qərar verdi. Mənə “narahat olma, gəlirəm” dedi. O, məni qırmamaq üçün gəldi. Sağ olsun ki, indi yanımızdadır”.
Qeyd edək ki, R.Prosineçki 2015-17-ci illərdə Azərbaycan millisinin baş məşqçisi olub.