Koronavirus pandemiyası səbəbindən dayandırılan Premyer Liqanın bərpasına hazırlaşan daha iki komanda yoxlama görüşündə qüvvəsini sınayıb.
Apasport.az saytının məlumatına görə, sona 8 tur qalmış turnir cədvəlində qonşu olan “Neftçi” ilə “Keşlə” üz-üzə gəlib.
2-ci və 3-cü pillələrdə qərarlaşan paytaxt klubları üç aylıq məcburi fasilədən sonra bu gün “Bakcell Arena” qarşılaşıblar. Görüşə uğurlu start götürən "Neftçi" 3 dəqiqə ərzində kapitan Emin Mahmudovun dublu sayəsində 2 top fərqi ilə önə keçib. "Keşlə"nin gücü yalnız ikinci hissədə hesabı minimuma endirməyə çatıb. Lakin son saniyələrdə "flaqman" qarşılaşmada son nöqtəni qoyub. Nəticədə "Neftçi" doğma məkanda boş tribunalar önündə 3:1 hesablı qələbə qazanıb.
Qeyd edək ki, ikinci yoxlama görüşü çərçivəsində iyunun 14-də “Neftçi” “Qəbələ” ilə, “Keşlə” isə “Sumqayıt”la qarşılaşmağı planlaşdırır.
Yoxlama görüşü
10 iyun
18:00. “Neftçi” - “Keşlə” - 3:1
Qollar: Emin Mahmudov, 10 (pen.), 12; Rəhman Hacıyev, 90+3 - Aleksandr Kriştovao, 65
“Bakcell Arena”