Avropanın “böyük beşlik” ölkələrinin ölkə çempionatlarında son iki ayda ən uğurlu performans göstərən klubların adları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, araşdırma fevralın 19-20-də keçirilən tur matçlarından indiyə qədərki nəticələrə əsasən aparılıb.
İspaniya klubları bu göstəricidə digərlərini qabaqlayır. Həm “Real”, həm “Barselona”, həm də “Atletiko” ötən iki ayda keçirdikləri 8 qarşılaşmada eyni göstəriciyə imza atıblar. Passivlərində 1 məğlubiyyət olan La Liqa nəhəngləri digər görüşlərin hamısından qalib ayrılıb.
Almaniya klubları “Bavariya” ilə “Leypsiq” bu müddətdə 20 xal toplamağı bacarıblarsa, İngiltərədə çempionluğa iddia edən “Liverpul”da bu say 19-dur. Ancaq “qırmızılar” digərlərindən 1 oyun az keçirdiyindən, ən yaxşı olmaq imkanına malikdir.
Müqayisə üçün əlavə edək ki, Azərbaycan klubları “Neftçi” və “Qarabağ” da fevralın 19-dan bəri keçirdikləri Premyer Liqa matçlarında kifayət qədər uğurlu olublar. Hər ikisi bu müddətdə məğlubiyyət üzü görməyib və cəmi bir oyunda rəqibinə heç-heçə şansı yaradıb.
Son çempion 7 qalibiyyət, 1 bərabərliklə hətta “böyük beşlik” ölkələrindəki bütün klubları üstələyir. Samir Abasovun komandası bu dönəm kəsiyində 22 xal əldə edib. “Qarabağ”ın isə “Sumqayıt”la matçı təxirə salındığından, “ağ-qaralar”la eyni göstəriciyə imza ata bilməyib. Ağdamlılar 7 görüşdə 19 xal toplamağı bacarıb.
“Neftçi” – 8 oyun: 7 qələbə, 1 heç-heçə - 22 xal
“Real” – 8 oyun: 7 qələbə, 1 məğlubiyyət – 21 xal
“Atletiko” – 8 oyun: 7 qələbə, 1 məğlubiyyət – 21 xal
“Barselona” – 8 oyun: 7 qələbə, 1 məğlubiyyət - 21 xal
“Leypsiq” – 8 oyun: 6 qələbə, 2 heç-heçə - 20 xal
“Bavariya” – 8 oyun: 6 qələbə, 2 heç-heçə - 20 xal
“Qarabağ” – 7 oyun: 6 qələbə, 1 heç-heçə - 19 xal
“Liverpul” – 7 oyun: 6 qələbə, 1 heç-heçə - 19 xal