“Neftçi” 180 min dollar təklif etdi, razılaşmadı
17.03.2022 - 15:06
“Neftçi” 180 min dollar təklif etdi, razılaşmadı

“Sumqayıt”ın yarımmüdafiəçisi Rəhim Sadıxov onunla maraqlanan Premyer Liqa klubları ilə heç cür razılaşa bilmir.

Apasport.az saytının məlumatına görə, buna səbəb 26 yaşlı pleymeykerin tələbləridir.

Azərbaycan millisinin üzvünün meneceri onunla maraqlanan “Qarabağ”, “Neftçi” və “Sabah”ın qarşısına 300 min dollarlıq illik maaş şərtini qoyub. Bu isə hazırda “gənclik şəhəri” təmsilçisində aldığından üç dəfədən də çoxdur. Onun “Sumqayıt”da illik maaşı 96 min dollardır ki, bu da ayda 8000 dollar deməkdir. Sadıxov arzusuna çatsa, aylıq qazancı 25 min dollar olacaq.

Onun bu tələbləri Premyer Liqanın digər təmsilçilərini ehtiyatlı davranmağa vadar edir. Təsadüfi deyil ki, son olaraq “Qarabağ”ın 200, “Neftçi”nin isə 180 min dollarlıq təklifi rədd edilib. Meneceri Polşadan təklifin olduğunu əsas gətirərək, klublardan qiymət artımı gözləyir.

Qeyd edək ki, milliləşdirilmiş futbolçunun “Sumqayıt”la müqavilə müddəti mövsümün sonuna qədərdir.