“Neftçi” bu gün “Dinamo”ya qalib gəlməli, mərhələni adlamalıdır. Komanda buna borcludur”.
Bunu apasport.az saytına açıqlamasında “Neftçi”nin sabiq baş məşqçisi Ağasəlim Mircavadov deyib.
Hazırda AFFA Məşqçilər Komitəsinin üzvü kimi fəaliyyət göstərən təcrübəli mütəxəssis “Neftçi”nin Çempionlar Liqasının I təsnifat mərhələsində Tbilisi “Dinamo”suna qarşı bu gün keçirəcəyi oyunla bağlı fikirlərini bölüşüb. O, “ağ-qaralar”ın Gürcüstanda zəif təsir bağışladığını vurğulayıb: “Düzdür, Tbilisidəki matçda “Neftçi” zəif oynadı. Amma səfər qələbəsi böyük üstünlük sayılmalıdır. Gürcülər cavab görüşündə qol vurmaq üçün böyük qüvvə ilə hücuma atılacaq. Belədə müdafiədə boşluqlar buraxacaqlar. “Neftçi” də bundan istifadə etməlidir. Ən əsası, təmsilçimiz evdə oynayacaq və matça azarkeşlər də buraxılacaq. Doğma azarkeşlər önündə, Vətəndə çıxış edir. Mərhələni adlamaq üçün səbəblər çoxdur”.
Mircavadov paytaxt klubunun transfer çalışmalarındakı fəaliyyətinə də toxunub. 73 yaşlı məşqçi komandanın transferlərdə ləngidiyini düşünür: “Bizim klub rəhbərləri adətən mayı gözləyir, ondan sonra transfer çalışmalarına başlayırlar. Amma belə olmamalıdır. “Neftçi” də hər mövsüm avrokuboklarda iştirak edir. Deməli, ən azı 6 ay öncədən zəif mövqelərin gücləndirilməsi üçün çalışmalar başlanmalıdır. Yeni transferi artıq mayda gətirmək lazımdır. 2-3 həftəyə heyət formalaşdırmaq mümkün deyil. Üstəlik, bu yay bir neçə oyunçunu niyə yola saldıqlarını bilmirəm. Elə buna görə də, Tbilisidə “Neftçi”nin oyun üslubunda axsadığı aşkar görünürdü. Bir neçə futbolçu əvvəlki gücündən çox zəif çıxış etdi, komanda oyunundan qopdu. Ümid edirəm ki, Bakıda bu səhvlər olmaz. Hamımız “Neftçi”ni ikinci təsnifat mərhələsində görürük”.