"Neftçi"nin təhlükəli epizodunu xatırlamıram" - "Dinamo"nun futbolçusu
21.01.2020 - 08:47
"Neftçi"nin təhlükəli epizodunu xatırlamıram" - "Dinamo"nun futbolçusu

"Həftə ərzində çox yaxşı məşq keçmişdik. Fiziki təzyiq altında oynadıq. Buna rəğmən "Neftçi" üzərində layiqli qələbə qazandıq".

Apasport.az saytının məlumatına görə, bunu Kiyev "Dinamo"sunun yarımmüdafiəçisi Aleksandr Andreyevski "Neftçi" ilə keçirilən yoxlama görüşündən sonra bildirib.

Ukrayna klubunun 2:1 hesablı qələbə qazandığı qarşılaşmadan sonra yerli mətbuata danışan 26 yaşlı oyunçu matçı dəyərləndirib: "Baş məşqçimiz cinah müdafiəçilərindən hücuma dəstək verməyi tələb edir. Vurduğumuz ilk qol da məhz bu taktikanın bəhrəsi idi. Çünki Mikolenko sol cinahda boşluqdan yararlanıb cinahdan ideal ötürmə verdi, Karlos da şansı qaçırmadı. Bundan əlavə, Rusinin də fərqlənməsinə sevindim. İnanıram ki, bu qol növbəti matçlar üçün onda özünəinam yaradacaq. Ümumiyyətlə, iki sürətli qol vurduq və istirahət edə bildik. Topu nəzarət altına aldıq, daha diqqətlə hərəkət etdik. "Neftçi"nin qapımız qarşısında təhlükəli epizodunu xatırlamıram".

Andreyevski ikinci hissədə zəif çıxış etmələrini və qol buraxmalarını arxayınlıqla əlaqələndirib: "İkinci hissədə istədiyimiz oyunu göstərməməyimizin bir neçə səbəbi var. Fasilədən sonra heyət dəyişdi. Görünür futbolçular 2:0 hesabının verdiyi rahatlıqla meydana çıxdılar. Ümumilikdə yaxşı oynadıq. "Neftçi"nin qoldan başqa cəmi bir təhlükəli həmləsi oldu, onda da top dirəyə tuş gəldi. Meydançanın durumu da ürəyimizcə deyildi. Üstəlik, güclü külək əsirdi. Bu da bizə bir az çətinlik yaratdı".