“O, "Neftçi"yə heç bir şey verməyib” - Saşa Yunisoğlu
26.01.2020 - 12:30
“O, "Neftçi"yə heç bir şey verməyib” - Saşa Yunisoğlu

"Roberto Bordin çoxdan getməli idi. Toplanışın ortasında baş məşqçini göndərmək gözlənilməz oldu". 

Bunu apasport.az saytına "Neftçi"nin sabiq futbolçusu Saşa Yunisoğlu deyib.

"Ağ-qaralar"ın keçmiş müdafiəçisi rəhbərliyin baş məşqçi Roberto Bordini istefaya yollamasını şərh edib. O, Füzuli Məmmədovun baş məşqçi postuna təyin edilməsini müsbət qiymətləndirib: "İtaliyalı mütəxəssisi indi göndərmək düzgün deyil, toplanışdan qabaq çıxartsaydılar daha yaxşı olardı. Yeni məşqçi üçün komandanı öz üslubuna uyğun hazırlamaq üçün əlavə vaxt da olardı. Düzdür, Füzuli Məmmədov iki ildir ki, komandanın içindədir. Lakin onun futbola öz baxışı var və əminəm ki, Bordinin fəlsəfəsindən fərqlənir. Ona görə də Füzuliyə də vaxt lazımdır və o, komandanın sükanı arxasına toplanışdan qabaq təyin edilsəydi, "Neftçi" üçün daha yaxşı olardı. Mən Bordinin işindən pozitiv bir şey almadım. O, "Neftçi"yə heç bir şey verməyib. Əksinə, son vaxtlar komandada baş verən xoşagəlməz olayların da əsas günahkarı elə italiyalı mütəxəssisin özüdür. Məncə, rəhbərlik Füzuli Məmmədovu baş məşqçi postuna gətirməklə düzgün edib. İnanıram ki, nə qədər çətin olsa da, o, komandanı yığa biləcək. Bu da çempionluq mübarizəsində "Neftçi"nin "Qarabağ"a qarşı layiqli müqavimət göstərməsi ilə nəticələnəcək".

Yunisoğlu "Neftçi"nin toplanış zamanı keçirdiyi matçlarda qalib gələ bilməməsinə də münasibət bildirib. Onun sözlərinə görə, bu,  göstərici komandanın heç də əsas gücü deyil: “Toplanışda bütün oyunlar yorğunluq fonunda, yəni ağır məşqlərdən sonra baş tutur. Bu, təbii haldır. Əsas odur ki, komanda çempionata optimal formada gəlsin".
 

0
Saşa Yunisoğlu Neftçi Füzuli Məmmədov