“Onlar üçün utancvericidir” - Aftandil Hacıyev  
21.01.2021 - 19:11
“Onlar üçün utancvericidir” - Aftandil Hacıyev  

"Yenidən futbol həyəcanı qayıtdı. Bu gün meydanda hər iki komandanın istəkli olduğu göründü”. 

Apasport.az saytının məlumatına görə, bunu "Səbail"in baş məşqçisi Aftandil Hacıyev deyib.

Azərbaycan Premyer Liqasının XIV turunun "Neftçi" ilə görüşü (1:3) barədə fikirlərini açıqlayan çalışdırıcı qarşıdakı ağır qrafikdən danışıb: "Maraqlı oyun alındı. Hər iki hissədə qol epizodları yarandı. Səhvlər də oldu, bunlar bizə istədiyimiz sonluğu gətirməyə imkan vermədi. Amma futbolçulardan razıyam, çəkinmədən oynadılar. Rəqibdə təcrübəli futbolçular var. Onların yeni baş məşqçisi Samir Abasov da oyun üslubu ilə sözünü deyir. Bu matç bizim üçün göstərici deyil. Rəqibin qarşıdakı hədəfləri bizdən fərqlənir. Amma o demək deyil ki, kimdənsə çəkinək. Ən azından bir xal qazana bilərdik. Səhvlərdən qollar buraxdıq. Futbolçular ikinci qoldan sonra daha da irəli atıldılar. Rəqibi təbrik edirəm və uğurlar arzulayıram. 3 gün sonra Zaqatala ilə matça hazırlaşacağıq. İlk hissədə son saniyələrdə qol buraxmaq futbolçulara təsir etdi". 

Hacıyev oyunçuların səhv etməsindən narazı qalıb: "Futbolçuların fiziki durumu da hamısında eyni deyil. "Neftçi"yə qarşı isə hər xırda detal önəmlidir. İki qoldan sonra nə qədər çalışdıq, amma alınmadı. Qol epizodları yaratdıq, amma istifadə edə bilmədik. Bəzən sonluq istədiyimiz kimi alınmır". 

O, gənc futbolçuların sabit olmamasını da vurğulayıb: "Turan Manafov U-21-də oynayır, amma digərləri millidə yoxdur. Çalışırıq ki, onları qazanaq. Bu gün hazır olmayana şans vermirik. Əfqan bu mövqedə ən yaxşıdırsa, cavanlar üçün utancvericidir. Komanda sayı çox olsaydı, onları digərlərinə oynamaq üçün icarəyə verərdik. Gənclərlə bağlı problemlər var. Neftçi"nin yüksək səviyyəli oyunçuları var ki, matçın taleyini həll etdilər". 

Hacıyev transferlərin gecikməsinə də münasibət bildirib: "Klubda bunu görən şəxslər olmalıdır, amma bizdə məşqçilərin üzərinə yük düşür. Şərtlər də çətindir. Hər futbolçu gəlmir. Seleksiya işimiz gec də olsa, istədiyimiz oyunçuları cəlb edirik. Birin yekunlaşdırmışıq, biri də yoldadır. Müdafiəçi də almaq istəyirik. Mən də istəyirəm ki, yaxşı, keyfiyyətli və bahalı futbolçular alaq. Məcburuq ki, vəziyyətə uyğun hərəkət edək. Tez bir zamanda müdafiəçi və dayaq yarımmüdafiəçisi almaq niyyətindəyik".